"Statikom"un milyon yarımlıq tenderi və 7 dəfəlik fərqi: öncə yeni bina, yoxsa?..

OXUNUB: 579 index-manşet İQTİSADİYYAT
Bir neçə gün əvvəl məlum oldu ki, Dövlət Statistika Komitəsi 1 milyon 557 min 458,48 manat ümumi məbləğdə podrat işlərinin həyata keçirilməsi üçün 4 müqavilə imzalayıb. Hər 4 müqavilə "Araz-İnşaatçı" adlı MMC ilə bağlanıb.

Müqavilələrin şərtlərinə görə, adıçəkilən şirkət Yevlax Şəhər Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini həyata keçirəcək. Müqavilənin dəyəri 388,728 min manatdır.

Bundan başqa, "Araz-İnşaatçı" Şamaxı Rayon Statistika İdarəsi üçün inzibati binanın tikintisi işlərini (dəyəri 609 min 174,67 manat), Ağcabədi Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini (327 min 866,16 manat), Ağsu Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini (231 min 689,65 manat) həyata keçirəcək. 



Dövlət Statistika Komitəsinin idarələri üçün yeni binaların inşa edilməsinə, ya da mövcud binaların yenidən qurulması və bərpasına deyiləcək bir sözümüz yoxdur. Yazıda söhbət ayrılan iri məbləğlərdən və ya bütün tenderlərin qalibinin ancaq bir şirkət olmasından da getməyəcək. Sözümüzün canı başqadır. 
Yenə bir neçə gün əvvəl Vergilər naziri Mikayıl Cabbarov sensaion sayıla biləcək açıqlama ilə çıxış etdi. Nazir bildirdi ki, Dövlət Statistika Komitəsi ilə onların göstəriciləri arasında fərq olub. Özü də nə az, nə çox, düz 7 dəfəyə yaxın!

Nazirin açıqlamasından sitat: "2018-ci ilin əvvəlinə olan nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədərdir. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir". 



Bu, Azərbaycanın rəsmi statistika qurumunun hansı prinsiplərlə işlədiyinin növbəti təsdiqidir. Müsbət tendensiyaları şişirtmək, mənfi tendensiyaları kiçiltmək, rəqəmlərlə oynamaq, "pripiska"çılıq - bu, Sovet "statikom"unun sevimli iş üsulu idi. 

Ancaq təəssüflər ki, müstəqil Azərbaycanın rəsmi statistika qurumu hələ də eyni ənənə ilə yolunu davam etdirir. Elə ona görə də "Dövlət Statkom"un rəqəmləri ilə reallıqlar arasında dərin uçurum yaranıb; indiyədək media və ekspertlər bu barədə danışanda qarşı tərəf qətiyyətlə razılaşmırdı. Maraqlıdır, bəs Vergilər nazirinin açıqlamasına sözünüz nədir?  

Tanınmış iqtisadçı Rövşən Ağayev öz "Facebook" səhifəsində M.Cabbarovun çıxışındakı "7 dəfə fərq" məqamına toxunarkən yazmışdı ki, əgər bu fərq gerçəkdən mövcuddursa, o zaman "Statkom"un 7-8%-lik "kölgə iqtisadiyyatı" barədə açıqlaması fiaskodu, hökumət bu qurumun işi barədə yaxşı-yaxşı götür-qoy etməlidir.

Daha vacibi, vergi-gömrük sistemində islahatlarda imitasiya yoxdursa, onlardan öncə statistika sistemi kökündən yenilənməlidir.



Sitat: "Güvənilir statistika olmadıqca, iqtisadi sistemdə atılan addımların çoxu bumeranq kimi hökumətin üzərinə qayıdacaq. Siz üzləşdiyiniz problemin kəskinliyini bilmədən onunla mübarizə apara bilməzsiniz. Həkim xəstəliyin şiddətini və kəskinliyini diaqnozla aşkara çıxarmazsa, onun da müalicəsi fiasko olacaq. Bir örnək deyim: ötən il Rusiyada maliyyə naziri və Mərkəzi Bankın rəhbəri statisitka qurumunu tənqid etdi ki, əhalinin real gəlirləri düzgün hesablanmır, şişirtmələr var.

Bu il statitika qurumu əhalinin real gəlirlərinin hesablanmasına dair yeni metodologiya tətbiq etdi, tənqidçilərin iradları özünü doğrultdu və yeni göstəriclər ortayı çıxdı.

Tənqidləri topa tutmaq yox, dinləmək vacibdir. Bir statistika ki deyə:

1. Əhalinin ən zəingin 10% ilə ən yoxsul 10%-nin istehlak elədiyi ətin miqdarı arasında demək olar ki, fərq yoxdu;
2. Ən zəngin 10% ilə ən yoxsul 10%-nin gəlirləri arasında ən yaxşı halda 2-3 dəfə fərq var, onun etibarına kim güvənər?

Yeri gəlmişkən, rəqəmlərin keyfiyyəti və etibarı öz yerində, hesabatları belə vaxtında online açıqlamaq istəmirlər. Avqustda 2017-ci il üzrə açıqlanmalı milli hesablar statistikası hələ də yoxdur – sentyabr bitir... Söhbət 2018-ci ilin yox ha, 2017-ci ilin statikasından gedir".

Daha əvvəl isə başqa bir iqtisadçı ekspert Natiq Cəfərli "Dövlət Statkom"un fəaliyyəti danışarkən demişdi ki, bu qurumun metodologiyasında problemlər var. 



Sitat: "Komitənin metodologiyası qiymətləri ən aşağı həddindən hesablamaya köklənib. Məsələn, bazarlarda müxtəlif qiymətlərə kartof satılır. Qiymətlər kartofun istehsal olunduğu bölgələrə görə dəyişilir. Statistika Komitəsi bunu ümumiləşdirmək əvəzinə, ən aşağı qiyməti götürüb ötən ilin müvafiq dövrünə uyğun hesablamalar aparır. Əlbəttə, bu, doğru yanaşma deyil”.

Ekspertin fikrincə, statistika iqtisadi kateqoriyalardan daha çox, öncədən səsləndirilən rəqəmlərin təsdiqinə yönəlib. 

Sitat: "İnkişaf etmiş ölkələrdə statistika çoxşaxəli model üzərində aparılır. Yəni, tək dövlət tərəfindən yox, bir çox müstəqil hesablama mərkəzləri, sivil toplum quruluşları, hətta biznes çevrələri də hesablamalar aparır. Azərbaycanın ən çox izlədiyi Türkiyəni götürsək, burada rəsmi statistikadan əlavə, həmkarlar komitəsi, sivil toplum platforması və başqa təşkilatlar da hesablamalar aparır. Bu hesablamalar ümumilikdə bir-birinə yaxın olur və dövlət də rəqəm açıqlayarkən müstəqil hesablamaları nəzərə almağa məcburdur. Çox təəssüf ki, Azərbaycanda Dövlət Statistika Komitəsindən başqa alternativ hesablama apara bilən qurumlar yoxdur. Buna görə də söylənən hesabatı başqa rəqəmlərlə müqayisə etmək, uzlaşdırmaq mümkün deyil. İnsanların real müşahidəsilə statistik rəqəmlər arasında ciddi bir uçurum yaranır". 

Bütün bu deyilənlərə nəsə əlavə etməyə ehtiyac görmürük. Fikrimizcə, "Dövlət Statkom"la bağlı həör şey aydındır. İndi qayıdaq yazının əvvəlinə - Komitənin inzibati binalarının təmirinə, yenidən qurulmasına. Bununla bir işimiz yoxdur. 

Ancaq yaxşı olardı ki, qurum öncə öz iş metodologiyasını yeniləsin, rəsmi statistikaya əhalinin, medianın və müstəqil ekspertlərin inamını təmin etsin. 
Razılaşın ki, bu, təzə, yaraşıqlı inzibati binalardan daha vacibdir...  

İcmal.Az

RƏYLƏR