Şuranın dəstəyilə QHT-lər üçün internet televizya yaradılır

OXUNUB: 1107 QHT
  Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır.
 
Bu barədə qhtxeber.az-a ""QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri, "Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin sədr müavini Cəsarət Hüseynzadə məlumat verib.
 
Layihə rəhbəri bildirib ki, layihə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.
Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin (internet TV) formalaşdırlmasıdır.
 
QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə QHT-lərin fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların formalaşması və VCT-lər  haqqında informasiyanın əlçatanlığının inkişaf etdirilməsini hədəfləyir.
 
QHT TV-nin əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri, vətəndaşların və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə problemləri və onların həlli yollarını axtaran qrupların fəaliyyətini ümumi auditoriyaya çatdırmaq üçün  informasiya təminatını həyata keçirəcəkdir.
Bu fəaliyyət Azərbaycanda  qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.
Layihə çərçivəsində artıq 20-yə yaxın reportaj hazırlanaraq QHT.az saytı və sosial şəbəkələr vasitəsi ilə yayımlanmışdır.
 
Yaxın zamanda isə QHT TV-nin video reportajları  www.qhttv.az  vasitəsi ilə yayımlanacaq. Beləki sayt üzərində tamamlanma işləri aparılır.
Cəsarət Hüseynzadə alternativ imkanlar çərçivəsində QHT TV-nin davamlı inkişafına nail olmaq  üçün çalışacaqlarını bildirib. O bunun üçün müxtəlif resursların olduğunu bildirərək, təşkilat rəhbərlərini  QHT TV-yə dəstək olmağa çağırıb.
 
Qeyd edək ki, Cəsarət Hüseynzadə bundan öncə www.qht.az  saytı üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin  elektron bazasını və şəbəkəsini formalaşdırıb.
Hazırda həmin şəbəkədə 550 QHT haqqında informasiya bazası formalaşdırılmış və 550 QHT üçün subdomenli sayt  yaradılmışdır. Eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır. 
 
 
İcmal.Az

RƏYLƏR