"Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır" — Pənah Hüseyn 1993-cü ilə aid məxfi sənədi yaydı

OXUNUB: 31 SİYASƏT

Dövlət Müdafiə Komitəsinin İclasının Protokolu


Gündəlik məsələlər


1. Qərarların icra vəziyyəti


2. Fövqaladə vəziyyət haqqında


3. 28 may İstiqlal günü haqqında


4. Mövcud hərbi vəziyyət haqqında


I məsələ:


Ə.Elçibəy: Dünəndən etibarən nəhayət 2 əsrə yaxın zaman ərzində ölkəmizi işğal edərək burada yerləşmiş Rus ordusu Azərbaycanı tamamilə tərk etdi. Bu böyük tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm. Böyük dövlətlər- ABŞ, İngiltərə və s. bu hadisəni müsbət qiymətləndirir, həm də bu prosesi gərginlik yaratmadan operativ şəkildə həll etməyimizdən təəccüblənirlər. Postsovet məkanında bu prosesi ilk olaraq həyata keçirən dövlət bizik. Hətta Almaniya kimi güclü dövlətin də ərazisində rus ordusunun kontingenti qalmaqdadır. Artıq Azərbaycan ərazisində başqa dövlətin ordusunun olmadığı müstəqil dövlətdir.


İ.Qəmbər: Rus ordusunun komandanlığı vida məktubu hazırlayıb- Ali Sovetə və Müdafiə Nazirliyinə. Öz növbəmizdə biz də onlara təşəkkür məktubu göndərək.


D.Rzayev: Rus qoşunları Azərbaycandan mədəni şəkildə getdilər. Amma onları yeni dislokasiya yeri kimi qayıtdıqları Ulyanaovsk vilayətində qəbul etmək istəmirlər.


Yaşar Paşa: Rus əsgərləri yalnız Qəbələ RLS-də qalırlar. Ona görə də Qəbələ RLS-lə bağlı sənədlər öyrənilməli, Rusiya ilə yeni anlaşma imzalanmalıdır.


Ə.Elçibəy: RLS-lə bağlı sənədlər öyrənilir, danışıqlar aparılır. Müzakirələr yekunlaşandan sonra imzalanacaq.


İ.Qəmbər: Rusiya RLS-dən istifadəyə görə icarə haqqı ödəməlidir. Çünki hərbi obyekt milliləşdirildiyi gündən Azərbaycanın mülkiyyəti sayılır.


Ə.Kərimov: Bununla bağlı Rusiyadakı səfirimiz Hikmət Hacızadə danışıqlar aparır. Danışıqlarda müzakirə olunan sonuncu variant Rusiyanın Almaniya ilə imzaladığı müqaviləyə uyğundur.


İ.Qəmbər: Gündəlikdə digər məsələlər var. Ona görə Qəbələ RLS-lə bağlı müzakirəni sonrakı iclaslarda davam etdirərik.


Osman Paşa: Məlumat olaraq nəzərinizə çatdırım ki, aparılan danışıqların nəticəsi olaraq Azərbaycan ordusunun qurulmasına yardım etmək və NATO standartları səviyyəsində əsgər hazırlamaq üçün Türkiyədən istənən hərbi təlimatçılar da gəldilər.


Nurəddin Sadıqov: Müdafiə Nazirliyi olaraq xahişimiz budur ki, ehtiyatda olan 150-200 nəfər zabit toplansın və Türkiyəli təlimatçılar onları da təlimləndirsin. Çünki zabitlərin də NATO və Türkiyə ordu sistemini öyrənməsi vacibdir. Belə olarsa, həm də ordunun müasir səviyyədə qurulması prosesi sürətlənər.


Y.Paşa: Doğru fikirdir. Ordunun yeni sistemi mənimsəmiş zabitlərə ciddi ehtiyacı var.


Ə.Elçibəy: Türkiyədən nə qədər hərbi təlimatçı gəlib?


N.Sadıqov: İyunun 8-dək .... nəfər təlimatçı gələcək.


Y.Paşa: Müdafiə Nazirliyi ilə qarşılıqlı olaraq strukturlar hazırlanıb, onu təstiq etmək lazımdır.


Vahid Əhmədov: Struktur məsələsində maliyyə vəsaitindən istifadə məsələsi olduğundan bunu ətraflı öyrənib sonra təstiq etmək lazımdır.


Y.Paşa: Sənəd Dövlət Müdafiə Komitəsinin üzvlərinə çatdırılacaq.


D.Rzayev: Orduya yaz çağırışı əvvəlki çağırışlardan fərqli olaraq vaxtında, normal və qaydasında keçirilib.


Ə.Kərimov: Yaz Çağırış planı 101% yerinə yetirilib.


Y.Paşa: Ara müddətdə Türkiyədən ..... general və ... albay gəldi. Çağırışın təşkili ilə bağlı rayonlarda, hərbi komissarlıqlarda oldular və seminarlar keçirib, məsləhətlərini verdilər.


Ölkə üzrə 1973-74-cü il təvəllüdlərin sayı 40-45 mindir. 4 çağırışda hər rayon hərbi komissarlığına 150 nəfər düşür. Çağırış sistemini təkmilləşdirmək lazımdır. Bu çətin iş deyil, hazırda qaydasında gedir.


Ə.Kərimov: 13 rayonda çağırış planı yerinə yetirilməyib. Həmin rayonların rəhbərliyi haqqında tədbirlər görülməlidir.


Abdulla Allahverdiyev: .... çağırışdan boyun qaçıranların sayı çoxdur. Bununla bağlı Baş prokurorla razılaşmışıq ki, qanuna uyğun şəkildə materiallar toplanaraq istintaq aparılsın və çağırışdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Çağırışçı gənclərin bir qrupu Dağıstana keçib orada xidmət edirlər. .... hazırda şəxsi heyəti 90 nəfərdən ibarət olan 1 batalyon var. Onu tam komplektləşdirib hazır vəziyyətdə saxlamaq lazımdır.


Qazıməmməddə Daxili Qoşunların yaşayış yeri ilə bağlı problemler var, o da yaxın zamanda həll olunacaq. Daxili Qoşunlarda şəxsi heyətin sayı nəzərdə tutulduğu kimi 12 min yox, cəmi .... mindir. Burada da komplektləşmə getməlidir.


Y.Paşa: Yaz çağırışından 817 nəfər Daxili Qoşunlara verilib. Bu təxminən iki batalyon edir.


O.Paşa: Çağırış qısa müddətdə yerinə yetirilib. Hərbi komissarlar həm özlərinə, həm də bu işin sürətli təşkilinin mümkünlüyünə inanıb və gələn çağırışı 15 günə həyata keçirməyə hazır olduqlarını bildirirlər. Amma onlara rayon icra hakimiyyətləri, polis və prokurorlar kömək etməlidir.


Ə.Kərimov: Daxili və Sərhəd Qoşunlarının şəxsi heyətin komplektləşməsinə tələbatı var. 13 rayonda 1000 nəfər çağırışdan kənarda qalıb, …. nəfər fərari var. Həmin fərarilərdən ….. nəfəri Fəhmin Hacıyev tərəfindən tutulub. Qeyd edilən rayonlarda səy göstərilsə Daxili Qoşunların və Sərhəd Qoşunlarının tələbatı tam ödənə bilər.


II məsələ


A.Allahverdiyev: Fövqaladə Vəziyyətin vaxtı iyunun 2-də qurtarır. Gəncədə və s. yerlərdə FV rejiminin tətbiq olunması müsbət qarşılanır. Gəncədəki diviziya, Seyfəlidə və Hacıkənddəki hərbi hissələr camaatda narazılıq yaradır. Həmin hərbi hissələrin Surət Hüseynovla əlaqəsi var.


D.Rzayev: Surətin Murovda heç nəyi yoxdur. Orada 701-ci briqada və 1 batalyon var,….. nəfərdir. Onları da 45-ci hərbi hissəyə göndərmişik. Surətin Seyfəlidə 1 batalyonu var (komandiri podpolkovnik Eldar Əliyev).


A.Allahverdiyev: FV rejimi saxlanilsa Gəncədə və Mingəçevirdə işlər qaydasında olar.


D.Rzayev: Lənkəranda da Əlikram Hümbətov öz işilə - vəziyyəti qarışdırmaqla məşğuldur.


İ.Qəmbər: Sabah MM-də FV müzakirə olunacaq. Ona görə də bu gün və ya sabah FV haqqında fərman verilməlidir.


Ə.Elçibəy: Avropa Şurasında da bu məsələyə müsbət baxırlar. Onlar da qeyd edirlər ki,əgər yeni yaranan dövlətlərdə FV rejiminin tətbiqi vətəndaş sülhünə kömək edirsə, bu variant istisna olunmamalıdır. FV-n nə qədər uzadılmasını təklif edirsiniz?


Qərar: FV iki ay uzadılsın.


III məsələ


Ə.Kərimov: Mayın 28-də bəzi rayonlarda tədbirlər keçiriləcək. Bir neçə yerdə M.Ə.Rəsulzadənin abidələri açılacaq. Bakıda isə H.Cavidin heykəlinin açılışı olacaq. Həmin gün 3 yerdə abidənin açılışı olacaq. Cavidin heykəlinin açılışı və saraydakı tədbirdə Sizin (prezidentin) iştirakınız nəzərdə tutulur.


D.Rzayev: Cənab prezident hərbi məktəblərdəki tədbirlərdə iştirakınız yaxşı olar.


Ə.Elçibəy: Etiraz etmirəm.


Ə.Kərimov: Həmin axşam ziyafət təşkil olunsun və xarici nümayəndəliklər də dəvət edilsin.


Tofiq Qasımov: Dövlət bayramı olduğundan şəraitdən asılı olmayaraq keçirilməlidir, rəsmi şəxslər və xarici nümayəndəliklər də iştirak etməlidir.


IV məsələ Hərbi vəziyyət


Ə.Elçibəy: Hərbi rabitə sistemində çalışanları ciddi nəzarətdə saxlamaq lazımdır. Çünki onlar bəzi hallarda açıq danışırlar və ermənilər bundan istifadə edir. Kəşfiyyatın xarici mənbələrdən əldə etdiyi məlumata görə ermənilərin Ağdərə istiqamətində hücumu gözlənilir. Onlar Umudlu kəndindən Talış kəndinə yol çəkirlər. Buna nəzarət edilirmi? Orduda nizam-intizam məsələsinə ciddi fikir verilməlidir.


Fəxrəddin Təhməzov: İki aya yaxındır Füzulidə yerləşdirilmiş Sərhəd Qoşunlarını artıq əvəz etmək lazımdır. Baxmayaraq ki, onların narazılığı yoxdur. Amma indi həmin istiqamətdə sakitlik olduğundan onlar dislokasiya yerinə dönüb öz funksiyalarını həyata keçirməlidir.


D.Rzayev: İyunun 15-də ehtiyat batalyonları hazır olacaq və o zaman Sərhəd Qoşunları əvəz ediləcək. Cəbhənin Gədəbəy istiqamətində vəziyyət sabitdir. Hələlik bir şey gözlənilmir. Zonada ciddi hərəkətlilik yoxdur. Murov-Agdərə istiqamətlərində ermənilər Agdərə və Şaumyankəndi ələ keçirmək istəyirlər. Bu barədə sonra ətraflı danışarıq. Ağdam-Füzuli-Cəbrayıl istiqamətində Ağdama hücum gözləyirik və buna hazırıq. O istiqamətdə kəşfiyyatımız işləyir. Qalan istiqamətlərdə düşmən hücumunun elmi-hərbi əsası yoxdur. Qubadlı-Zəngilan hərbi hissələrinin zabitlərini yığmışdıq. Onların yaxşı təklifləri var. Əsas narahatlıq Ağdərə zonası ilə bağlıdır. Hərbi kollegiyada qərara gəldik ki, 3-cü korpus yaradılsın. Bu korpus özündə Ağdam-Ağdərə-Murov hərbi hissələrini birləşdirəcək. Birinci korpusa komandir polkovnik İsa Sadıxov, üçüncü korpusa isə polkovnik A.Salahov təyin olunub.


İ.Qəmbər: Ağdərə istiqamətində müdafiə üçün hansı tədbirlər görülür?


D.Rzayev: Goranboyda 2 batalyon yaradılır. Komandirləri Rasim Əkbərov və Valeh Əliyevdir.


İ.Qəmbər: Rasim Əkbərovla Goranboyun icra başçısı Maşallah Abdullayev konfliktdədirlər. Belə təyinat olmaz.


Ə.Kərimov: Rayonda Rasimdən ciddi narazılıq var və Maşallahla aralarında düşmənçilik davam edir.


İ.Şirinov: Rasim …, onu batalyon komandiri təyin etmək yaramaz.


A.Allahverdiyev: İşi elə aparmaq lazımdır ki, komandirlərlə rayon İHB-ları arasında narazılıq olmasın.


Ə.Elçibəy: Rayon İHB-ları yaxşı işləyəndə belə məsələlərə yer qalmır.


Ə.Kərimov: Hansı rayonda İHB-ları ilə komandirlərin münasibətləri normal deyilsə, münaqişə varsa, orada iş getmir.


İ.Qəmbər: Ağdərə-Goranboy istiqamətində vəziyyət ciddi olduğundan orada konfliktə yol vermək olmaz.


Ə.Elçibəy: Fəxrəddin bəy, Kəlbəcərdən Qubadlıya gələn 19 nəfər barədə nə deyə bilərsiniz?


F.Təhməzov: Onlar gecələr yol gəlib, gündüzlər gizlənərək dincəliblər.


İ.Qəmbər: Nə üçün onlar bir ay təcrid olunmur?


F.Təhməzov: Onlar filtrasiyadan keçiriləcək.


D.Rzayev: Onlardan birini Beyləqanın kombriqi gətirib.


İ.Qəmbər: Fəxrəddin bəy, yer hazırlayın, onlar və ümumiyyətlə əsirlər filtrasiyadan keçirilsin.


Füzuli istiqamətində hansı təhlükə var?


D.Rzayev: Orada bəzi batalyonlarda komplektləşmə gedir. Səngərlər qazılır, ehtiyat batalyonu yaradılır.


İ.Qəmbər: Aparılan danışıqların hazırkı vəziyyəti nə yerdədir? Ermənilər təkliflərə müsbət cavab verirmi?


Ə.Elçibəy: Hazırkı vəziyyət onu göstərir ki, Levon-Ter Petrosyan müsbət cavab verəcək. Amma Qarabagdakı ermənilər təkliflərə etiraz edəcək.


İ.Qəmbər: Gözləmə mövqeyi nə dərəcədə sərfəlidir? Müəyyən işlər görülə bilər, amma bunu etmirik.


T.Qasımov: Əgər ermənilər verilən təkliflərə etiraz etsə, onda bizə siyasi cəhətdən xeyri var. Qoy Rusiyanın BMT TŞ-da sədrliyinin vaxtı qurtarsın, yenidən BMT Təhlükəsizlik Şurasına müraciət edərik. Fürsətdən istifadə edib hazırlaşmaq lazımdır. İndi təşəbbüs göstərmək hələlik xeyrimizə deyil.


İ.Qəmbər: Qarabağda ermənilərin də böyük qüvvələri yoxdur və öz aralarında problemləri də var. Yəni belə vəziyyətdə bəzi kiçik işləri görmək olar.


Ə.Elçibəy: 4 günlük atəşkəs haqqında son razılıq ümumiyyətlə siyasi cəhətdən xeyirlidir və müsbət qiymətləndirilir. Bunu ABŞ səfiri də qeyd etdi.


D.Rzayev: İsa bəy, müəyyən tədbirlər həyata keçirilir. Müdafiədə olan batalyonlarla iş görmək mümkün deyil. Onların ehtiyatları tükənir. Tutduğumuz mövqeləri saxlamağa tam arxayın olsam, digər məsələləri həll edərik.


Ə.Elçibəy: Hərbi Hava Qüvvələrində vəziyyət necədir?


D.Rzayev: 10 ekipaj hazırdır.


Ə.E: Bombardmançı nə qədərdir?


D.R: 6 ədəd təyyarə, 4 vertolyot da hazırdır.


Ə.E: Ukraynadan alınan təyyarə və vertolyotlarla bağlı vəziyyət necədir?


D.R: 2 SU-27 təyyarə, vertolyotlar gətirilib və proses davam edir. Füzulidə Məngələnatanda 2 top, 2 tank yerləşdirilib, təhlükə sovuşub.


İ.Qəmbər: Kəlbəcərə qrup göndərmək olmazmı?


D.R: 4 qrup Yanşaq kəndinə qədər gedib, qayıdıb. Orada 1 BMP və 10-15 əsgər görüblər.


Y.Paşa: Bu anda Azərbaycanın bəzi hərbi əməliyyatlar aparmağa taqəti yoxdur. Belə müdafiədən qorxuram və arxayınçılığa son qoyulmalıdır. Daim hazır vəziyyətdə olmalıyıq.


İ.Q: Elə etmək lazımdır ki, ermənilər narahat olsun. Nəhayət partizan qərargahı yaradılacaqmı?


Y.Paşa: Düşündüyümüz işləri həyata keçirə bilsək, avqustun sonunda hər şeydən danışmaq olar. Hazırda orduda arxayınçılıq və intizamsızlıq var. Bunu aradan qaldırmaq lazımdır.


İ.Q: Füzulidə kəşfiyyat aparılıb və müəyyənləşib ki, orada ermənilərin ciddi qüvvəsi yoxdur.


D.R: Ordunu yaratmağa çox ciddi fikir vermliyik. Çünki ordu olarsa Qarabağ məsələsi də həll olacaq. Yeni korpus yaradılır və onun 50%-i komplektləşdirilib. Belə çətin şəraitdə hücum edib məsələni həll etmək çətindir.


Rusiyanın 15, 164, 167-ci diviziyaları ermənilərin tərəfində vuruşur. Komandirlər rus, əsgərlər ermənilər, texnikaları isə təzədir. Bizim heç 20 tankımız yoxdur ki, ehtiyat batalyon yaradılsın. Heç olmasa 50 ədəd təzə tank alınmalıdır.


Ə.E: Nə qədər tankımız var?


N.Sadıqov: 225 ədəd tankımız var, onun 140 ədədi nasaz vəziyyətdədir.


Ə.E: Ermənilər bizdən götürdükləri tankları təmir edirlər. Bizdə də təmir işləri yüksək səviyyədə qurulmalıdır.


İ.Q: Təmir prosesi necə gedir?


D.R: Rusiyadan, Gürcüstandan ehtiyat hissələri almaq olar. 11 mühərrik alınıb. Qazax, Tovuzda təmir batalyonları var, Goranboyda da yaratmaq istəyirik.


İ.Q: Nə üçün ehtiyat hissələri Gürcüstandan almırıq?


Vahid Əhmədov: 3 yerdə-Bakı, Qazax, Gəncə, Ağdamda təmir olunur. Yaxın müddətdə ən azı 50 tank təmir olunmalıdır.


Y.Paşa: Əldə tam uçot yoxdur ki, silah, texnika haqqında məlumat verilsin. Tankın sazlığı ancaq onun yeriməsində deyil, bütün hissələri işləməlidir. Bununla bağlı tam məlumat hazırlanmalıdır.


V.Əhmədov: Təmirlə əlaqədar qrup yaradılıb, onlara 2 zavod verilib. Gəncədə və Bakıda.Tovuzda və Ağdamda da təşkil olunacaq. Maliyyəmiz var və ehtiyat hissələri Tbilisidən gətirə bilirik.


Ə.K: Silah və texnikanın alınması təcili həyata keçirilməlidir,Gürcüstandan ehtiyacımız olan nə varsa alınmalıdır.


İ.Q: Razıyam. Gürcüstandan nə verirlərsə almaq lazımdır. Hərbi Dəniz Məktəbini ləğv etmək istəyirlər?


D.R: Bu məktəb 1939-cu ildə yaradılıb. Səviyyəsinə görə yeganə məktəbdir. Hazırda bizə İran, Qazaxıstandan müraciətlər olub və Liviyadan da burada 22 nəfər oxuyur. Biz məktəbi ləğv etmək yox, statusunu yüksəltmək istəyirik.


İ.Q: Belə məsələlər haqqında Ali Baş Komandana davamlı məlumat verilməlidir.


N.Sadıqov: Hərbi Dəniz Qüvələrində 3500 əsgər, 350 zabit olacaq. Belə imkanları olan məktəbi ancaq yalnız buna sərf etmək olmaz. Ona görə orada bir neçə əlavə fakultələr açılmalıdır.


İ.Q: MDB-dən azərbaycanlı zabitlərin gətirilməsi nə yerdədir?


T.Qasımov: Onlara şərait yaradıb, sonra çağırılmalıdırlar. Gələndən sonra vətəndaşlığı qəbul etməlidirlər.


D.R: Moskvadan keçən il hərbi məktəbi qurtaran 176 nəfər, bu il Akademiyadan 25 nəfər, 500 nəfər təzə qurtaran zabit gələcək. Danışmışıq ki, təzə qurtaranların rütbələri burada verilsin. HHM və HHQ-lərində olan zabitlər bura göndəriləcək. Rusiya və Ukraynada hərbi hissələrə nümayəndələr göndərilib onları geri çağırmaq üçün. Gəncədə Şerbakın diviziyasında olanlar isə gedib haqq-hesablarını alıb gələcəklər.


Y.Paşa: Hərbi məktəb tədricən mililəşdirilməlidir. Orada hələ də iş köhnə sistemlə gedir.


N.S: Oradan 270 nəfər xaric olunub, sonra 200 nəfəri geri qaytarılıb. Səbəbi dövlət aparatından edilən zənglər vasitəsilə təzyiqlərdir.


Ə.E: Seyfəlidə Surətin bir hissəsi var. Verilən məlumata görə orada atışmada 3 nəfər bir-birini öldürüb.


D.R: Seyfəlidə bizə tabe olan bir batlyon var.


Ə.K: İndi bəzi batalyon komandirləri Gəncədə Hərbi Birlik yaradıb imza atırlar ki, Surətə tabedirlər. Bu adamlar tezliklə ordudan təcrid olunmalıdır.


A.Allahverdiyev: Getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır.


Ə.K: Bunların çoxu komandirlərdir. Onlar operativ şəkildə hərbi hissələrdən təcrid edilməlidir.


İ.Q: Bayramdan sonra bu məsələ həll olunmalıdır.


Ə.E: Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir. Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxan şəxsi doğma qardaşım olsa belə onu bağışlaya bilmərəm. 709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.

 

 

 

7News.Az

RƏYLƏR