Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb

OXUNUB: 956 index-manşet SOSİAL
22 iyul-Milli Mətbuat Günündə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Şuşa şəhərində keçirilən "Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb.
 
Forumda "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar", "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan Mətbuatında Şuşa izi", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" mövzularını əhatə edən ümumi 4 paneldə iştirakçılar müzakirələr edib, fikir mübadiləsi aparıblar. 

"ASAN Radio”nun direktoru Emin Musəvinin moderatorluğu ilə "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar” mövzusunda keçirilən ilk panel sessiyasında ənənəvi medianın problemləri və yeni mediaya inteqrasiyanın zəruriliyi, yaranan yeni imkanların və mediada yeni tendensiyaların qlobal və yerli konteksdə təhlili, yeni medianın ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri və digər məsələlər müzakirə olunub.

Mediada plüralizm - media sahəsində uğurlu beynəlxalq təcrübələrin müxtəlif mövqelərinin yerli tətbiqi imkanlarının araşdırılması, medianın dövrün yaratdığı yeni tendensiyalarla üzləşməsi, media etikasının aktual problemləri kimi məsələlər "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusunda ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən 2-ci panel sessiyasının müzakirəsinin mövzusu olub. 

Milli Məclisin deputatı, "AZERNEWS” qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatoru olduğu "Azərbaycan mətbuatında Şuşa izi” mövzusunda 3-cü panel sessiyasının iştirakçıları Vətən Müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu müzakirə ediblər.

Azərbaycan Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı, tərəfdaşlığın gücləndirilməsi, Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, birgə araşdırmalar və layihələr, qəbul edilmiş qərarların icrasına dair müzakirələr "Azərbaycan mediasının beynəlxalq  əməkdaşlıq perspektivləri” mövzusunda sonuncu sessiyada müzakirə olunub. Panelə ADA Universitetinin Siyasi Tədqiqat və Nəşrlər üzrə direktoru Damyan Krneviç Mişkoviç moderatorluq edib.

Daha sonra iştirakçıların sualları çıxışçılar tərəfindən cavablandırılıb.
 
Forumda beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertləri iştirak ediblər.  
 
Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsidir.








RƏYLƏR