"Söz azarkeşlərindi... Ya tamam, ya da davam" - SORĞU

OXUNUB: 906 İDMAN
AVRO-2020-in seçmə mərhələsinin ilk oyununda Macarıstana 1:3 hesabı ilə məğlub olan millimiz sabah növbəti görüşünü keçirəcək. 

Nikola Yurçeviçin rəhbərlik etdiyi seçmə Slovakiya yığması ilə qarşılaşacaq.

Maraqlıdır, xorvatiyalı mütəxəssis millimizdə nəyisə müsbətə dəyişə bilibmi? Slovakiya ilə oyundan nə gözləyək? Ümumiyyətlə, AVRO-2020 hədəfi realdırmı?

Bu sualları futbol ictimaiyyətinin nümayəndələrinə ünvanladıq. Tanınmış idman jurnalistlərini Sport7.az-a açıqlamalarında millimizdən heç bir nəticə gözləmədiklərini bildiriblər. 

Əli Sahib: "Öncə AVRO-2020-dən deyim ki, futbol ictimaiyyətimiz bu nağıla inanmır. Sadəcə, elxan məmmədovlar futbol təsərrüfatında "ömür"lərini  "yuxarı"ların qarşısında uzatmaq üçün verdikləri boş vədlərdi. İnsanı təəcübləndirən, hətta dəhşətə gətirən, "yuxarı"ların bu vədə inanması və bu uğursuzlara şans tanımasıdı. O ki, qaldı Yurçeviçin nəyisə dəyişməsinə, heç nə dəyişməyəcək. Futbolumuzun dəyişməsi üçün Elxan Məmmədov və komandası getməlidi. İkinci yol yoxdu. Azərbaycan futbolunun uğurunun ilk addımı məhz yuxarıda qeyd etdiyim komandanın futbolumuzdan təmizlənməsidi. Düşüncə dəyişməlidi. Düşüncənin dəyişməsi üçün baş dəyişməlidi. Slovakiya ilə oyunun nəticəsi nəyisə dəyişmir. Nəsə gözləməyə də ehtiyyac yoxdur. Məmmədov yürütdüyü çürük futbol siyasəti, dost-tanış qruplaşması millətin qüruru ilə oynayır. Təəssüf ki, buna da göz yumulur. Bizim - mətbuatın yazdıqlarını "yuxarı"lara sifarişli yazılar adı ilə təqdim edib, sudan quru çıxmağa çalışırlar. Artıq söz azarkeşlərindi. Ya tamam deməlidirlər, ya da davam".

Mahir Rüstəmli: "Heç bir dəyişiklik görmürəm. Düzü, heç mümkün olacağına da inanmıram. Məşqçi kim olur-olsun, ölkə futbolunda olan hazırki potensial ilə hər hansısa ciddi uğur qazanacağımıza inanmıram. Futbolla bağlı çox ciddi problemlər var. Bu yığmada da özünü göstərir. Bu Yurçeviçin öhdəsindən gələ biləcəyi iş deyil. Sistemdə radikal dəyişikliklər olmalıdır. 

Slovakiya ilə oyundan isə heçnə gözləmirəm. Çox istərdim ki, heç olmasa bir xal qazansınlar. Amma bunun da mümkün olacağına elə də inanmıram. Futbolçular özləri deyir ki, bizim maksimumumuz budu, heçnəyi bacarmırıq... Hər seçmə mərhələdə biz özlüyümüzdə xəyallar qururuq, bu nikbin xəyalları nə iləsə bağlayırıq. Düşünürük ki, AVRO-2020-in seçmə mərhələsinin oyunları Bakıda keçiriləcək, yəqin ki, bu da futbolçuları stimullaşdırar. AFFA rəhbərliyi yüksək pul mükafatı qoyur. Deyirik ki, yəqin bu futbolçuların duyğularına təsir edər. Amma meydana çıxandan sonra bütün bunlar unudulur və aydın olur ki, Azərbaycanda Avropa səviyyəsində oynaya bilən futbolçular yoxdu. 

Natiq Muxtarlı: "Azərbaycan yığma komandasında nəyinsə dəyişməsi üçün məşqçilərin dəyişməsinin heç bir əhəmiyyəti yoxdu. Məşqçilər dəyişsə də, Azərbaycan yığmasında heçnə dəyişməyəcək. Amma fikir verin, Azərbaycanın yığması komandası artıq neçə-neçə tanınmış məşqçini, o cümlədən Azərbaycanın yetişdirdiyi Qurban Qurbanovu da gözdən salıb yolladı. Yəni, millimizdə məşqçi dəyişikliyinin heç bir əhəmiyyəti yoxdu. Azərbaycan yığmasının inkişaf etməsi üçün ölkədə futbolçu olmalıdır, onlar yetişdirilməlidir. Çox təəssüf ki, Azərbaycanda futbolçu yetişdirilmir və biz məşqçiləri dəyişməklə nəticə əldə etmək istəyirik. Bu aksiomadır. Sübuta ehtiyacı olmayan teoremdir. Amma təssüf ki, AFFA rəhbərliyi bu teoremi başa duşmur. Onlar elə bilirlər ki, məşqçiləri dəyişməklə, Mahir Mədətov Avropa səviyyəli futbolçu olacaq. Amma bu belə deyil.
 
Ümumiyyətlə, Azərbaycanda futbolun inkişaf etməsi üçün məşqçiləri yox, AFFA rəhbərliyini dəyişmək lazımdır. Nə qədər ki, AFFA-nı bu başlar idarə edilərlər, futbolda heç bir dəyişiklik, inkişaf olmayacaq. Bunu biz 1-2 ildi demirik, azı 11 ildi deyirik. Ona görə də artıq bütün futbol ictimaiyyəti bu təhlükəni nəzərə almalıdır. Sözüm jurnalistlərədir. Hansısa məşqçiləri, hansısa futbolçuları tənqid etməkdən əl çəkməliyik. Azərbaycan futbolunun problemi Mahir Mədətov, Qara Qarayev, Qurban Qurbanov, Nikola Yurçeviç deyil. Mahir Mədətovu, Maksim Medvedevi, Qara Qarayevi, Araz Abdullayevi hansı şəraitdə yetişdiriblərsə, onlara nəyi öyrədiblərsə, o səviyyədə futbolçudurlar. Bunun günahı onlarda deyil. Bu futbolçular məhsuldur. Bu məhsulu yetişdirmək üçün aqrotexiniki qaydalara riayət olunmalıdır. Azərbacan futbol təsərrüfatında bu qaydalara riayət edilmirsə, demək sabah məhsulun zay, keyfiyyətsiz olacaq, dünya, Avropa standartlarından geri qalacaq. Bax, bizim futbolumuz budu. 

Azərbaycanın uşaq futbolundan yazmaq lazımdır. Görün ölkənin uşaq futbolu hasnı acınacaqlı durumdadı. Süni örtüklü, keyfiyyətsiz rezinin üstündə ora-bura qaçan uşaqlar, böyüyəndə Mahir Mədətov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev olacaq. Onlarda Avropalılarla meydana çıxanda məlum olacaq ki, bunların ustalıq səviyyəsi həddindən artıq aşağıdı. Bax bu amil nəzərə alınmalıdır. Azərbaycan futbolu sıfırdan qurulmalıdı. Uşaq futbolu üçün infrastukdur yaradılmalı, bura mütəxəssislər dəvət olunmalıdır. Çünki bizdə mütəxəssislər də yoxdu, yetişdirilməyib. Biz başlamaliyıq futbolçu yetişdirməyə. Bunun da yetişdirilməsi üçün 15-20 il lazımdı. 20 ildən sonra bizim yığma komandamızda nəsə dəyışər və biz nəyisə əldə edə bilərik. 11 ildir Azərbaycan futboluna küllü miqdarda vəsait axır. Amma təməl prinsipi qurulmayıb, futbolun inkişafı üçün lazım olan əlifbanın "A" hərfi belə yazılmayıb. Ona görə də məşqçliləri nə qədər dəyişirsiniz dəyişin, heç bir xeyri yoxdu. Azərbaycan futbolunun inkişafı üçün AFFA rəhbərliyi dəyişməlidi. Vəssalam. 

Slovakiya ilə oyundan gözlədiyim odur ki, futbolçularımız meydanda ora-bura qaçıb, biraz tərliyəcəklər. Bundan artıq heçnə gözləmirəm. Mən utopist deyiləm, realistəm. Mən Azərbaycan futbolçularının nəyə qadir olduğunu bilirəm. Ola bilsin ki, Azərbaycan yığması qrupda Slovakiya ya da Uelsə hansısa oyunda qalib gələ bilər. Ama bu heçnəyi dəyişməyəcək. Biz qrupdan çıxa bilmiyəcəyik və yenə də sonuncu yerdə qalacağıq. Bizim problemimiz budu. Ona görə mən yığma komandadan heçnə gözləmirəm. AFFA rəhbərliyi yatıb yuxuda Azərbaycan yığmasını Avrapa çempionatının final mərhələsində görmək istəyir. Macarıstanla oyundan əvvəl deyirdilər ki, AVRO-2020-in bəzi oyunları Bakıda keçiriləcəyi üçün istəyimiz odur ki, millimiz final mərhələsində iştirak etsin. İstəkdi də. Qoy arzulasınlar. Arzu nə qədər çox olsa, o qədər yaxşıdı. Arzunun olması da bəlkə də müsbət məqamdı. Arzulasınlar. Amma arzuya çatmaq üçün də iş görmək, əzmkarlıq göstərmək lazımdı. Arzu elə-belə reallaşmır. Mən realist olduğum üçün də, Azərbaycan yığmasından heçnə gözləmirəm. Amma futbolçularımızın meydan qaçacaqlarını, tərləyəcəklərini gözləyirəm. 

İcmal.Az

RƏYLƏR