TANAP Azərbaycana nə verəcək?

OXUNUB: 124 İQTİSADİYYAT

Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

Bunu İcmal.Az-a açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vahid Əhmədov deyib.

V. Əhmədov TANAP-ın təntənəli açılış mərasimi, bütövlükdə bu layihəni yüksək qiymətləndirdiyini qeyd edərək bildirib ki, bu, Azərbaycan üçün, həmçinin Avropa dövlətləri üçün çox önəmli layihədir. 

V. Əhmədov deyib ki, TANAP 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kub metrə yaxın qaz ixrac olunacaq: 

"Ölkə prezidentinin açılış mərasimində bildirdiyi kimi, TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq çox sevindiricidir ki, Azərbaycanla Türkiyə birlikdə bu işi çox böyük müvəffəqiyyətlə icra etdilər.

Bütövlükdə TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Qeyd edim ki, TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir.

Bir sözlə, Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.

Millət vəkili Eldəniz Səlimov hesab edir ki, TANAP-ın açılışı Azərbaycanın növbəti dəfə Avropaya və dünyaya açılışıdır:

"Azərbaycan bu günə qədər bir çox tarixi açılışlar edib və bununla da Avropaya, dünyaya inteqarasiya edib, TANAP-la bir daha dünyaya açıldı, səmimi və əməli inteqrasiya, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini, addımlarını ortaya qoydu.

Azərbaycan bir daha nümayi etdirmiş və sübut etmiş oldu ki, nəinki yerləşdiyi coğrafi məkanda - Cənubi Qafqazda, bütövlükdə Avropada və dünyada lider, söz və nüfuz sahibi olan qüdrətli dövlətlərdən biridir.

Azərbaycanın iştirakı və rizası olmadan burada heç bir layihə reallaşdırıla və icra edilə bilməz. Azərbaycanın iştirakı olmadan Avropanın və dünyanın eneryi təhlükəsizliyini də tam təmin etmək mümkün deyil.

Odur ki, Avropa, eləcə də, dünya Azərbaycanın bir daha lazımlılığını və gərəkliliyini anladı, dərk etdi. Bunlar bizim fəxr, iftixar mənbəyimizdir. Fəxr və qürür hissi keçiririk ki, Azərbaycanın belə günlərinə, tarixi zəfərlərinə canlı şahidlik edirik.

Eyni zamanda, çox xoşbəxt xalq və dövlətik ki, Azərbaycanı gündən-günə belə tarixi zəfərlərə, nailiyyətlərə qovuşduran Lidermiz - ölkə rəhbərimiz İlham Əliyev var. Onun rəhbərliyi ilə hələ çox nailiyyətlərə, uğurlara imza atacağıq”.

İcmal.Az

RƏYLƏR