TANAP “Qazprom” üçün riskdir? - Moskvadan baxış

OXUNUB: 711 İQTİSADİYYAT

TANAP qaz boru kəməri ilə ilk qaz ixracı iyunun 30-da başlayacaq. Gələcəkdə bu layihəyə Türkmənistan və İran kimi iri ixracatçılar da qoşula bilər.  

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiyanın "Alpari” analitik departamentinin direktoru Aleksandr Razuvayev deyib. 

TANAP tezliklə işə salınacaq. Təntənəli açılış mərasimi iyunun 12-də keçiriləcək. Onun vasitəsilə Azərbaycan qazı Türkiyə və Avropaya göndəriləcək. 

Analitikin fikrincə, "Qazprom”un hələlik qorxmağa səbəbi yoxdur. 

"Rusiya qaz holdinqini Ukrayna tranziti ilə potensial problemlər və Amerika maye qazının Avropada yayılması ehtimalı kimi daha əhəmiyyətli risklər narahat etməlidir.

Azərbaycanın ixracı Avropa Birliyindəki enerji balansına təsir etməyəcək. Onun qaza olan ehtiyacı 530 milyard kub metrdir.

Bakı ilk mərhələdə Avropaya illik 10 milyard kub metr, Türkiyə bazarına isə 6 milyard kub metr qaz nəql etmək niyyətindədir”, - ekspert bildirib. 

Onun sözlərinə görə, Türkiyənin 2017-ci ildə təbii qaza olan tələbatı 53,5 milyard kub metr olub. 

"Türk qaz bazarı ümumi iqtisadi artım və qaz istehsalının inkişafı ilə əlaqədar olaraq cəlbedicidir. Onu da demək olar ki, Türk axını layihəsi hazırlanan zaman TANAP artıq reallaşdırılırdı. Rusiya qaz boru kəmərini planlaşdırarkən bunu nəzər alıb. 

Burada müsbət siyasi məsələ də var. Türkiyə tədricən olduqca əhəmiyyətli bir geosiyasi oyunçuya çevrilir və hər iki layihənin həyata keçməsində maraqlıdır”, - Razuvayev qeyd edib. 

O əlavə edib ki, "Qazprom” dünyada ən ucuz enerji qrupu olaraq qalır. 

Layihənin maliyyə nəticələrindən danışarkən ekspert deyib:

"Yaxşı nəticələr qarşıdadır. Qaz qiymətləri son 6-9 ayda neft qiymətlərini izləyir”. 

İcmal.Az

RƏYLƏR