Tanınmışların şəhid övladları

OXUNUB: 592 SOSİAL

Tanınmış ailələr hər zaman cəmiyyətin, medianın diqqət mərkəzində olub.

Tanınmışlar deyərkən, burada dövlət rəsmilərindən, siyasət adamlarından, millət vəkillərindən tutmuş sənət, mədəniyyət, ədəbiyyat adamlarınacan hər kəs nəzərdə tutulur.

Xüsusilə, son 30 ildə münaqişəyə, müharibəyə cəlb edildiyimiz üçün tanınmışların ailələri, onların övladlarının, yaxınlarının hərbi xidmətdə və ya cəbhənin ən qaynar nöqtələrində olub-olmaması məsələsi daimi gündəmi məşğul edib, müzakirə mövzularından olub.

Bəs görəsən, tanınmışlardan kimlərin övladları hərbi xidmətdə, ön cəbhədə - müharibədə olub və şəhidlik zirvəsinə ucalıb?

İcmal.Az-ın araşdırmalarına görə, tanınmışların  bir qismini çıxmaqla, əksəriyyətinin övladları, yaxınları ya hərbi xidmətdə, ya da cəhbə bölgələrində olublar, əsgər kimi, hərbçi kimi…

Onların arasında Qarabağ müharibəsinin iştirakçısı və ən qaynar nöqtələrdə olmuş, döyüşmüş və şəhid düşmüşləri də az deyil.

Məsələn, istiqlal mücahidi, Xalq şairi Xəli Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Qarabağ müharibəsinin ilk günlərində orduya gedənlər sırasında olub və 1992-ci il yanvar 31-də baş verən qanlı döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli, 264 saylı fərmanı ilə Xəlilbəyli Təbriz Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. 

Daha bir tanınmış söz adamı, Xalq yazıçısı, mərhum Sabir Əhmədlinin oğlu da Qarabağ uğrunda döyüşlərdə həyatını itirib. Məhəmməd Əhmədli 1994-cü ildə Murovdağ əməliyyatı zamanı şəhid düşüb.

1994-cü il fevral ayının 12-də son döyüşü olub. 24 yaşının tamamında, anadan olduğu gündə düşmən gülləsi ondan da yan keçməyib.

Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olan Məhəmməd Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılıb.

Korifey sənətkar, Xalq artisti Həsənağa Salayevin oğlu Dəryanur Salayev Qarabağ, Vətən müharibəsi şəhidlərindəndir. Dəryanur 30 yaşında şəhidlik zirvəsinə ucalıb. Anası, Həsənağa Salayevin həyat yoldaşı Sərvət Salayevanın dediklərindən:

"…Dəryanur bir başqa oğul idi. Rəssamlıq məktəbini bitirmişdi. İnstitutda təhsilini davam etdirirdi. 30 yaşı var idi. Hələ evlənməmişdi. Ağır illər idi. Könüllü cəbhəyə getdi, heç iki ay çəkmədi ki, qara xəbəri gəldi…”

Sabiq müdafiə nazirinin müavini Baba Nəzərlinin oğlu Hikmət Nəzərli də Qarabağ döyüşlərində şəhid düşən qəhrəmanlarımızdandır.

O, 1992-ci ildə döyüşlərdən birində qəhrəmancasına həlak olub və elə həmin il ölümündən sonra  ölkə prezidentinin  9 sentyabr 1992-ci il, 178 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tanınmış simalarından olan Fikrət Əhmədovun oğlu Riad Əhmədov 1992-ci ilin əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib.

Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

O, 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı”nın gedişində itkin düşüb və Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

Sabiq vitse-premyer, tanınmış jurnalist, professor İzzət Rüstəmovun oğlu Məzahir Rüstəmov Vətən uğrunda canından keçən igidlərimizdəndir.

6 avqust 1992-ci ildə Gədəbəyin Mutudərəsi bölgəsində gedən döyüşlərdə şəhid olub və  Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli, 457 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Şəhidlər Xiyabanında dəfn edilib.

İcmal.Az

RƏYLƏR