Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ

OXUNUB: 13303 GÜNDƏM Səhiyyə SOSİAL
"Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib”.

Bu barədə Tarif Şurasından bildirilib.

Rəsmi məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir:


"İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib. İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər.

Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır və dərman satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir”.

Həmçinin bildirilib ki, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur:

"İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər”.

RƏYLƏR