"Təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranıb" - İLQAR ORUCOV

OXUNUB: 940 Özəl GÜNDƏM

Dünyada gedən sürətli elmi-texnoloji dəyişikliklər, Dördüncü Sənaye İnqilabı bilavasitə təhsilin üzərinə böyük məsuliyyət və tələblər qoyur. Yeni texnologiyalar, elmi innovasiyalar və inkişaf etmiş təhsilə söykənən rəqəmsal və biliklər iqtisadiyyatı ilə dünya özünün inkişafında yeni iqtisadi müstəviyə qədəm qoyur. Artıq qlobal müstəvidə təhsil yeni məna kəsb edir, davamlı iqtisadi inkişafı və cəmiyyətin rifahını təmin edir. Yeni universitetlər və tədqiqat mərkəzləri bilik iqtisadiyyatının lokomotivi rolunu üzərinə götürməklə prosesi idarə edirlər. İnsan intellektinin məhsulu olan elm və təhsiltutumlu aktivlər yeni iqtisadi sistemdə birbaşa diktə edən tərəf rolunda çıxış etməklə uğurlu inkişafı təmin edir. Dördüncü Sənaye İnqilabının paradiqmaları da inkişaf edən dünya ilə ayaqlaşmağımız üçün milli təhsilimizin və elmimizin doğru istiqamətdə inkişafı üzərində düşünməyi diktə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində təhsil siyasəti xüsusi yer tutur.

Bunu 7NEWS.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, dövlətin təhsilə baxışı ölkəmizin firavan və uğurlu gələcəyini təmin etmək, milli dəyərlərə sadiq etibarlı vətəndaş yetişdirmək, qlobal çağırışlara, əmək bazarının tələblərinə cavab verəcək bilikli kadr təminatını formalaşdırmaq üzərində qurulur. Son on ilə nəzər salsaq, dövlətin təhsil sektoruna diqqətini, ölkəmizdə təhsilin prioritet olaraq inkişafına verilən önəmini aydın şəkildə müşahidə edə bilərik. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi ölkə təhsilimizin yol xəritəsini müəyyənləşdirdi və hazırda strategiyanın icrası uğurla həyata keçirilir.

İlqar Orucov vurğulayıb ki, ölkəmizin iqtisadi inkişafı, gəlirlərimizin artması ilə mütənasib olaraq prioritet sahə hesab edilən təhsilə ayrılan xərclər ilbəil əhəmiyyətli dərəcədə artır: "Əgər 2011-ci ildə təhsil xərcləri 1.3 milyard manat təşkil edirdisə, 2021-ci ilin büdcəsində təhsil xərcləri 3,2 milyard manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Təhsil” bölməsi üzrə xərclərinin hər il məqsədli artımı təhsil infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi ilə nəticələnib. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən konkret dövrləri əhatə edən məqsədli proqramlar uğurla həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işləri xüsusilə qeyd etməliyik. İndi ən ucqar yaşayış məntəqələrimizdə belə təhsilalanların təlim şəraitinin yaxşılaşdırılması məqsədilə müasir məktəblər inşa edilib və ya ən yüksək səviyyədə təmir olunub. Təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verən işlər ardıcıl olaraq həyata keçirilir”.

Təhsilin qanunvericilik bazasının yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Həm çərçivə, həm də təhsilin ayrı-ayrı pillələrini əhatə edən sahəvi qanunların qəbul edilməsi ilə təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib, təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranıb.

Böyük maliyyə tutumlu layihələrdən biri kimi 5 yaşlı uşaqların təhsilə cəlb edilməsini nəzərdə tutan məktəbəqədər təhsildə əhatəliliyin və əlçatanlığın təmin edilməsi istiqamətində reallaşdırılan işləri xüsusilə qeyd etmək lazımdır.

İlqar Orucov qeyd edib ki, müəllimlərin işə qəbulunda şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə mərkəzləşdirilmiş işə qəbul imtahanlarının keçirilməsi, yerdəyişmə ilə bağlı müraciətlərin elektronlaşdırılması və müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesinin mərkəzləşdirilməsi son illərdə xeyli sayda istedadlı gənclərin müəllim peşəsinə axınını gücləndirib. Bütün bunlar müəllim nüfuzunun yüksəldilməsi, peşəkarlığının və səriştəliliyinin artmasına gətirib çıxaran ciddi faktor kimi xarakterizə edilməlidir. Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq və beləliklə də, əməyin diferensiasiyasını tətbiq etmək mümkün olub. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönələn modul-kredit və rəqabətəsaslı təlimlər sistemindən, müəllimlərin IKT bacarıqlarının artırılmasına hədəflənən təlimlərdən minlərlə müəllimlərimiz faydalana biliblər. Sadalanan kompleks aksiyalar rəqabətlilik və motivasiya əsasında müəllimlərin stimullaşdırılması prosesini birbaşa şərtləndirib, eyni zamanda, abituriyentlər arasında müəllimlik ixtisasına marağı da artırıb.

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilməklə şəffaflıq əsasında yeni nəsil təhsil menecerlərinin idarəçiliyə cəlb edilməsi öz müsbət nəticələrini verməkdədir.

İstedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, istər yerli, istərsə də beynəlxalq səviyyəli fənn olimpiadalarında və bilik yarışlarında məktəblilərimiz ciddi uğurlar qazanıb. Qazanılan medal sayı Azərbaycanda olimpiada hərəkatının formalaşmasının göstəricisidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə hazırlığın təmin edilməsi və dərs yükünün optimallaşdırılması məqsədilə təmayülləşmənin əhatə dairəsi genişləndirilib.

Ümumi təhsilin keyfiyyətini yüksəltmək tələbi və məzmun islahatlarının dərinləşdirilməsi dərsliklərin hazırlanması siyasətinə yeni baxışı ortaya qoydu. Təhsilin məzmun komponenti kimi formalaşdırılan dərsliklərin yaradılması sahəsində dünyanın təhsiltutumlu ölkələrdən biri olan Sinqapur təcrübəsinin Azərbaycanda tətbiq edilməsinə başlanılıb ki, bu təcrübənin tətbiqi xüsusilə təbiət fənləri üzrə təhsil proqramlarının yenilənməsinə, yeni nəsil dərsliklərin formalaşdırilmasına, habelə yeni çağırışlara cavab verəcək modern dərslik sistemin qurulmasına imkan verəcək.

Təhsildə İKT-nin imkanlarından istifadə etmək məqsədilə məktəblərin internet və digər elektron resurslarla təminatına yönəlmiş fəaliyyət COVID-19 pandemiyası dövründə məsafədən təhsilin əlçatanlığının təmin edilməsində, ölkəmizin təhsil sektorunun mümkün qədər az neqativ təsirə məruz qalması ilə özünü təsdiq etdi, biz dünyanın əksər dövlətlərinin əziyyət çəkdiyi, təhsil infrastrukturunun iflic vəziyyətinə səbəb olan təhsilsizlik boşluğuna düşmədik. Təhsil Nazirliyinin dövlət televiziyası ilə reallaşdırdığı "Teledərs” layihəsi və "Microsoft” korporasiyası ilə birgə istifadəyə verdiyi "Microsoft Teams” platforması məsafədən təhsil alətləri olaraq ölkəmizin təhsil ictimaiyyətinə pulsuz xidmət göstərmiş oldu. Bizim ölkənin bu təcrübəsini qabaqcıl təhsil ənənələrinə malik ölkələr xeyli sonra tətbiq etməyə başladılar.


İlqar Orucov diqqətə çatdırıb ki, peşə təhsilinin genişləndirilməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının istiqamətlərinə uyğun olaraq əmək bazarının tələbləri ilə mütənasiblik təşkil edərək ixtisaslı kadr hazırlığını və gənclərin məşğulluğunu təmin edən aparıcı təhsil pilləsi kimi xüsusi qayğı ilə təmin edilib. Orta ixtisas təhsilinin inkişafı ilə bağlı da xeyli yaxşı nümunələr var. Həm yeni kolleclərin yaranması, bəzi kolleclərin profillərinə uyğun olaraq universitetlərin bazasında fəaliyyətlərini davam etdirmələri, xüsusilə regionlarda tələb olunan ixtisaslar nəzərə alınmaqla yeni kolleclərin fəaliyyətə başlaması, həmçinin bakalavrlara orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq şansının verilməsi və subbakalavrların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təmin edilməsi orta ixtisas təhsilinə marağı xeyli artırıb.

Ali təhsil müəssisələrimiz yeni inkişaf mərhələsini yaşayır. Dövlət proqramı çərçivəsində dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilmiş xeyli sayda gənclərimiz artıq ali təhsil ocaqlarımızda işləməyə cəlb ediliblər. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin yüksəlməsinə və keyfiyyətli akademik kadr potensialının təminata imkan verəcək.

Ali təhsil müəssisələrində idarəetmə sistemi təkmilləşdirilib, tələbə köçürmələrində elektronlaşma tətbiq olunur. İstedadlı tələbələrin cəlb olunduğu "SABAH” qruplarının fəaliyyətə başlaması ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına töhfə verir. Ali təhsilə əlçatanlığın artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması, ikili diplom proqramlarının tətbiqi sahəsində də əhəmiyyətli qərarlar qəbul olunub. Əsas məqsədi təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarət olan Təhsil Tələbə Krediti Fondunun yaradılması tələbələrimiz üçün daha əlverişli imkanlar yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Təhsildə Keyfiyyət Təminatı Agentliyi keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılması, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsini təmin etmək istiqamətində uğurlu fəaliyyət göstərir.

"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqini təmin etmək məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib və bununla da nazirliyin fəaliyyətinə ictimai nəzarət təmin olunub, nazirliklə ictimaiyyət arasında qarşılıqlı münasibətlər daha da yaxşılaşdırılıb. Fəaliyyəti dövründə İctimai Şura müxtəlif mövzularda ictimai müzakirələr, dinləmələr, dəyirmi masalar, məsləhətləşmələr, müşavirələr, görüşlər təşkil edib, tövsiyələr verib. Təhsillə bağlı vətəndaşlardan gələn müraciət və şikayətləri araşdırıb, onların həllini təmin edib.

"44 günlük Vətən müharibəsində silaha sarılaraq şəhid və qazi olan, əsgər, zabit kimi döyüşmüş yeddi yüzdən çox təhsil işçisi var idi. Bütövlükdə qələbəni təmin edən təhsil sistemimizin tərbiyə etdiyi Azərbaycan Ordusunun əsgərləri, zabitləri idi. Vətən müharibəsi bir daha sübut etdi ki, təhsilimizdə tərbiyə mövzusu, Vətənə, dövlətə sevgi ruhu müəllimlərimiz tərəfindən düzgün aşılanıb. Bundan sonra da bu sahədə işlərə mütləq şəkildə önəm verilməlidir. Qarşıda bizi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun işğaldan azad etdiyi və tarixi torpaqlarımızda təhsil infrastrukturunu yenidən qurmaq, Azərbaycanın təhsil nailiyyətlərini daha da yüksəltmək missiyası gözləyir. Əminəm ki, bu missiyanı hər bir təhsil işçisi aydın dərk edir”, - deyə İlqar Orucov qeyd edib.

Mənsur Mustafayev

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.16

RƏYLƏR