“Tesla” avtomobili süni peykə çevrildi

OXUNUB: 635 DÜNYA

ABŞ hərbi hava qüvvələrinin kosmik komandanlığı kosmosa "Falcon Heavy” raketində buraxılan avtomobili süni peyk kataloquna daxil edib.

 Bu barədə hərbi qurumun "Twitter” səhifəsində məlumat yayılıb.

Peyklərin siyahısı Harvard-Smitsonian Astrofizika Mərkəzinin alimi Conatan Makdauelin diqqətindən yayınmayıb. O, avtomobilin 43 205 nömrə altında qeydə alındığı siyahını skrinşot edərək, şəklini "Twitter” səhifəsində paylaşıb.

"Bəli, biz, həqiqətən, "Tesla Roadster”i peyk kataloquna daxil etmişik”, - deyə kosmik komandanlığın açıqlamasında qeyd olunur.

Qurumun əməkdaşları avtomobilin yer orbitində olacağı müddətdə onu digər kosmik obyektlər kimi radarlar və teleskopların köməyi ilə təqib edə biləcəklər.

Xatırladaq ki, fevralın 6-da "SpaceX” şirkəti Devid Bounin "Space Oddity” mahnısının müşayiəti altında orbitə tünd qırmızı rəngli, sükan arxasında maneken kosmonavtın əyləşdiyi "Tesla Roadster” avtomobili göndərib. Avtomobil "Space X”-in dünyanın ən güclü raketi adlandırdığı "Falcon Heavy” daşıyıcı raketinə faydalı yük rolunu oynayıb.

Raketin maksimum yükgötürmə qabiliyyəti 64 tondur, onunla gələcəkdə Marsa 17 tona yaxın yük daşına bilər. İlon Mask etiraf edib ki, içində manekenin olduğu yükü əyləncə xatirinə kosmosa buraxıb, belə ki, buna qədər raketin sınaqlarında mühəndislər hər dəfə daşıyıcıya maraqsız beton bloklar və ya dəmir parçaları bərkidib”./oxu

İcmal.Az

RƏYLƏR