Texniki Universitetin əməkdaşları Mehriban Əliyevaya müraciət etdi

OXUNUB: 76 SOSİAL
Azərbaycan Texniki Universitetinin "İstilik energetikası” kafedrasının əməkdaşları birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

İcmal.Az müraciəti təqdim edir: 

Hörmətli Mehriban xanım!

Sizin obyektiv, ziyalı və çox gözəl bir xanım olduğunuzu bilərək yenidən Sizə müraciət etmək qərarına gəlmişik. Ötən məktubumuzda biz Sizə kafedramızda baş verən hadisələri yazaraq nəzərinizə çatdırmışdıq. Bütün özbaşınalıqlarıyla "İstilik energetikası” kafedrasının müdiri Əzizova Lalə Ə. və Talıbov Misirxan A. hələ də əlbir olaraq rahat və sakit halda öz işlərinə davam edirlər. Özlərini elə aparırlar ki, elə bil hər şey belə də olmalıdır. 
Qeyd edək ki, ötən məktubumuzdan sonra AzTU-nun rektor əvəzi X.Yahudov kafedra əməkdaşlarını toplayaraq iclas təşkil etdi. Təşkil olunan bu iclas videoçəkilişlə olmaqla 3,5 saat davam etdi. İclasda bir çox qaranlıq olan məsələlər aydınlaşdırıldı. Yəni, hər kəs mövcud vəziyyətə, abu havaya olan narazıçılığını dilə gətirdi. Əslində inanmırıq ki, iclasın video görüntülərini Sizə göndərmiş olsunlar. XaliqYahudov tapşırıq verdi ki, məktubu yazan tapılaraq cəzalandırılsın. Biz öz haqqımızı tələb ediriksə niyə cəzalandırılmalıyıq ki?

Xaliq Yahudov problemin tezliklə həll olunacağına söz versə də hələ də problem aktual olaraq qalır. Burdan belə bir nəticə ortaya çıxır ki, Xaliq Yahudov ya öz vəzifəsini yetərincə yerinə yetirmir ya da bu işdə onun da maddi marağı var. Korrupsiyayla bağlı ortaya qoyulan faktlardan sonra Misirxan A.Talıbova töhmət verilsə də bu töhmət sənədi gizlədilir. Halbuki, haqsız yerə töhmət verilən digər müəllimlərin töhmət əmri bütün Universitet kafedralarına paylanmışdı. Həddindən artıq korrupsiyaya bulaşmış Lalə Ə.Əzizova, Misirxan A.Talıbov cütlüyünün isə işləri tam olaraq qaydasında davam edir. Pul müqabilində  (700 manat diplom, 100 manat praktika)  tələbələrə buraxılış işlərinin yazılması hələ də davam edir.    

Bununla yanaşı Misirxan A.Talıbova töhmətin verilməsindən sonra kafedrada yeni tam ştat professor vəzifəsinə seçkisinin keçirilməsi üçün elan verilib. Maraqlısı da budur ki, həmin vakant professor vəzifəsi sırf Misirxan A.Talıbov üçün ayrılıb. Bu işdə isə Misirxan A.Talıbova Xaliq Yahudov özü yaxından koməklik göstərir. Korrupsiya çirkabında itib batan birisinin Universitetimizdə professor vəzifəsinə seçilməsi isə ulu öndərimiz H.Əliyevin təhsilə göstərdiyi qayğıkeş siyasətinin təmamilə məhv edilməsi deməkdir. Biz isə buna öz etirazımızı bildiririk. Hörmətli prezidentimizin siyasətini dəstəkləyirik və bizim bu problemimizin tezliklə həll olunacağına ümid edirik. 

Sizdən xahiş edirik ki, bizi bu bəladan tezliklə qurtarasınız. Yuxarıda adları çəkilən cütlüyü kafedramızdan uzaqlaşdırasınız. 

Kafedra əməkdaşları ümid edir ki, Sizin köməyiniz sayəsində kafedrada haqq ədalət bərpa olunaraq sağlam iş şəraiti yaradılacaqdır".
 
 
İcmal.Az

RƏYLƏR