Tkaçenko: Bütün Avropanın diqqəti Bakıya yönəlib

OXUNUB: 950 İQTİSADİYYAT

2018-ci ilin mayında Azərbaycan qazının Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə tədarükü layihəsinin başlanğıcı Avropa iqtisadiyyatının enerji sahəsində bu il üçün ən vacib hadisələrindən biridir. 

Bu sözləri İcmal.Az-a açıqlamasında Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisadi elmlər doktoru Stanislav Tkaçenko deyib. 

O bildirib ki, bu nəhəng beynəlxalq layihənin çoxsaylı fəsadları var:

"Azərbaycan qazının türk bazarında həcminin artması Rusiya qazının Cənubi Avropaya tədarükünün artırılması üçün imkanlarını azaldır. Yaxın iki ildə Rusiya və onun nəhəng şirkəti olan "Qazprom” Azərbaycan qazı ilə rəqabəti hiss edəcək.

Rusiya "Türk axını” layihəsinin tikintisini başa çatdırır və onun bu dövlətin daxili bazarında payı ilə bağlı təminat verilib. Ancaq bu zaman Rusiya və Azərbaycan Türkiyə, eləcə də, Balkan bazarında yerli istehlakçılar üçün yarışacaq. Bu gün bölgəyə idxal olunan təbii qaz Almaniya və ya Fransadan daha bahalıdır”, - Tkaçenko qeyd edib. 

Saytın müsahibi deyib ki, 2017-ci ildə rus qazının Avropa bazarında payı 35 faizə çatdı, yaxın illərdə bu rəqəmin 40 faizə çatması gözlənilir. 

"Bu məsələdə Rusiya diplomatiyasının və "Qazprom”un xidməti yoxdur. Buna səbəb Norveç və Hollandiya, eləcə də, Aralıq dənizində qaz istehsalının azalmasıdır. 

Yaxın zamanlarda perspektiv qaz boru kəmərləri ilə idxal edilən rus qazı Avropa istehlakçıları üçün daha cəlbedici olacaq. Bu, Azərbaycan kimi, Rusiya üçün də Avropa bazarında möhkəmlənmək üçün imkanlar yaradacaq. 

Münaqişədən qaçmaq üçün bizim ölkələrimiz rəqabətin obyektiv reallığını qəbul edə və istehlakçılara daha cəlbedici çatdırılma şərtlərini təklif edə bilər”, - o qeyd edib. 

Ekspert hesab edir ki, bu günlərdə "Şahdəniz” yatağından qazın Türkiyə və Avropaya çatdırılması Rusiya üçün vacib məsələni həll etməkdə yardım göstərir. Bu vacib məsələ qaz nəqlinin Ukraynadan kənara daşınmasıdır. 

"Hazırda Rusiya bu məsələni tək həll edib. Görünür, TANAP layihəsinin iştirakçı ölkələri qarşılarına Ukraynanı tranzit infrastrukturundan təcrid etmək məqsədi qoymayıblar. Bu, İrana da aiddir. 

Xatırladaq ki, bu ölkələr sırasında Böyük Britaniya və onun "British Petroleum ”şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, onların arxasında isə ABŞ Dövlət Departalemti dayanıb”, - o deyib.

Tkaçenkonun sözlərinə görə, Rusiyanın Azərbaycan qazını Türkiyədən Avropaya çatdıran layihəyə münasibəti neytraldır. 

İcmal.Az

RƏYLƏR