Trend Beynəlxalq İnformasiya Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib (FOTO)

OXUNUB: 294 GÜNDƏM SOSİAL
Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) "Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib.

Müzakirələrdə Trend BİA-nın rəhbər heyəti və əməkdaşları, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Agentliyin əməkdaşları iştirak ediblər.

Ə.İsmayılov "Media haqqında” Qanun layihəsinin müzakirəsinə yaratdığı şəraitə görə Trend BİA rəhbərliyinə minnətdarlığını bildirib.

O qeyd edib ki, "Media haqqında” qanun layihəsi "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanına əsasən hazırlanıb və media sahəsində aparılan islahatların tərkib hissəsidir.

Ə.İsmayılov vurğulayıb ki, media sahəsinə dair qanunvericilik müasir tələblərə cavab vermirdi və media sahəsində tənzimləmədə müəyyən boşluqlar var idi. Bu baxımdan, media sahəsinin tənzimlənməsi üçün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var idi.

O qeyd edib ki, qanun layihəsi audiovizual, çap və onlayn media subyektləri, informasiya agentliklərini əhatə edir. Layihə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən media subyektlərinə, redaksiyalara, onların məhsullarına, o cümlədən ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, həmçinin xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunacaq.

Ə.İsmayılov qanun layihsində əksini tapan müddəalar və anlayışlar barəsində ətraflı izahat verib, qanun layihəsinin məqsədləri və mahiyyəti haqqında danışıb.

Onun sözlərinə görə, qanun layihəsinin media subyektlərində müzakirə edilməsinin məqsədi qanun layihəsinin təkmilləşdirilməsi, layihə ilə bağlı təklif və rəylərin öyrənilməsi və qanun layihəsinin son versiyasında bu təklif və rəylərin nəzərə alınmasıdır. Ə.İsmayılov bildirib ki, Agentlik qanun layihəsi ilə bağlı təkliflərə açıqdır və onun təkmil formada hazırlanması üçün media subyektlərini təkliflər irəli sürməyə çağırıb.

Ə.İsmayılov, həmçinin, müzakirələr zamanı verilən suallara aydınlıq gətirib və tədbir qarşılıqlı müzakirələr formasında davam etdirilib.

Sonda Ə.İsmayılov müzakirələrin səmərəli keçdiyini diqqətə çatdıraraq səsləndirilən fikirlərin ümumi işin xeyrinə olacağını bildirib.
 
Trend Beynəlxalq İnformasiya Agentliyində
Trend Beynəlxalq İnformasiya Agentliyində
 
Trend Beynəlxalq İnformasiya Agentliyində
Trend Beynəlxalq İnformasiya Agentliyində
 Trend Beynəlxalq İnformasiya Agentliyində
 

RƏYLƏR