Türk ölkələrinin təhsil liderləri Şimali Kiprdə forum keçirib (FOTO)

OXUNUB: 29 SOSİAL

Girnə Amerikan Universiteti və Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Şimali Kipr Türk Respublikası (ŞKTR) Prezident Administrasiyası, ŞKTR Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Şimali Kipr Türk Respublikasında "Təhsildə Beynəlxalq Liderlər” Forumu keçirilib.

Forumun açılış mərasimi Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyində gerçəkləşib.

Təşkilat komitəsinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu Forumu açaraq, dünyanın diqqətini təhsilin yüksək əhəmiyyətə malik olduğuna yönəldərək planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkib, "yurdda sülh, cahanda sülh” anlamının gercəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını verib və forumun təhsil mütəxəssislərinin təcrübəsindən yararlanaraq, liderlik bacarıqlarını artırmaq məqsədilə təşkil olunduğunu bəyan edib.

Professor Oğuz Karakartalın moderatorluğu ilə keçirilən forumda Kipr və Azərbaycanı rəsmi şəxslər, elm və təhsil nümayəndələri təmsil ediblər. Professor Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən fikirlər səsləndirib, "Azərbaycan” şeirini söyləyib.

ŞKTR-in təhsil naziri Camal Özyiğit ölkəsinin təhsil adası olduğunu xatırladaraq, Şimali Kipr və Azərbaycan arasında uğurla tələbə mübadiləsi aparıldığını deyib. Nazir bildirib ki, bağlı qapıları təhsilin gücü ilə açmaq mümkündür və Şimali Kipr rəhbərliyi məhz bu fəlsəfəyə əsaslanır.

Azərbaycan Milli Məclisinin üzvü Sona Əliyeva təhsil sahəsində aparılan islahatlardan danışaraq, yüksək ixtisaslı kadrların yetişdiyini və həmin gənclərin idarəetmədə layiqli yer tutduqlarını vurğulayıb. Millət vəkili qeyd edib ki, təhsilli şəxslər yeni dünyanın tələblərinə cavab verəcək səviyyəyə yüksəlməklə vətənlərini layiqincə təmsil etməyi bacararlar. Bu gün türkdilli xalqlar, xüsusən türklər və azərbaycanlılar bu yolu tutub və böyük məharətlə gələcəyə doğru addımlayırlar.

ŞKTR Baş nazirinin müavini, xarici işlər naziri professor Qüdrət Özərsay Azərbaycandan gələn təhsil işçiləri qarşısında "Şimali Kiprin təhsil modeli” mövzusunda mühazirə ilə çıxış edib. Xarici işlər naziri bildirib ki, təhsildə öndə olması ilə seçilən bu ada əsasən təhsilin gücü ilə məntiqi siyasət yürüdür və bütün problemlərin ünsiyyətdən keçdiyini isbatlamağa çalışır.

Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Şahlar Əsgərov "Tərəqqinin fəlsəfəsi” mövzusunda çıxış edib. Professor inkişafda ictimai mənafeyin əhəmiyyətini vurğulayıb. Slayd vasitəsilə göstərib ki, inkişaf etmək üçün iqtisadi mənafeyin nisbəti şəxsi mənafeyin nisbətindən üstün olmalıdır. Bu nisbət inkişaf etmiş ölkələr üçün altıdan çox, inkişaf etməkdə olan ölkələr üçün iki ilə altı arasında dəyişir, zəif inkişaf etmiş ölkələr üçün isə ikidən azdır. Bu nisbəti yüksəltmək üçün təhsildə liderlik fəlsəfəsinə üstünlük vermək vacibdir.

Sonra qonaqlar Kipr Amerikan Universitetini ziyarət ediblər. Burada keçirilən görüşü ali təhsil ocağının rektoru prof. dr. Uğur Özgöker açaraq, universitet barədə ətraflı məlumat verib.

 

Azərbaycan təhsilində həyata keçirilən islahatlar barədə Təhsil Şurasının üzvü Böyükağa Mikayıllı danışıb və qısa müddət ərzində keçilən uğurlu yolun tarixini diqqətə çatdırıb.

Millət vəkili Sona Əliyeva universitetin rektoruna Azərbaycandan xatirə hədiyyəsi təqdim edib.

Foromun ikinci günü Girne Amerikan Universitetində olub.

Qazaxıstan təmsilçisi, Almagey İqtisadi və Statistika Akademiyasının prorektoru Lidiya Beqenova bu ölkənin təhsil sistemini detalları ilə iştirakçılara anladıb. Xanım rektorun videotəqdimatı maraqla qarşılanıb.

Millət vəkili Sona Əliyeva "İnkişafda təhsilin akademik rolu” mövzusunda söylədiyi mühazirədə savadlılıq dərəcəsi yüksək olan ölkələrin inkişaf strategiyasına diqqət çəkib və Azərbaycanın bu sırada öncüllərdən olduğunu deyib.

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. O qeyd edib ki, Fondun layihələrində gənclərin biliklənməsi ilə yanaşı, əsl vətəndaş kimi tərbiyə olunmaları da prioritet təşkil edir. Vətənini və dövlətini sevən vətəndaş onu qorumağı da bacaracaq və xalqın inkişafında daim maraqlı olacaq. Məhz türk dünyası bu xətt üzrə inkişaf etdiyindən dünyanın ən nüfuzlu dövlətlərinə sahib olublar.

Sonda "Təhsildə motivasiya və özünəinamın formalaşdırılmasının sirləri”, "Təhsildə beynəlxalq əməkdaşlıqların perspektivləri və təcrübələrin müqayisəli diskussiyası”, "Məktəb-ailə münasibətlərinin formalaşdırılmasında müəllimlərin rolu”, "Uğurlu idarəçilik: prinsiplər, tətbiqlər, resurslar” mövzusunda seminarların iştirakçıları olan təhsil xadimlərinə sonda sertifikalar verilib.

Forum haqqında informasiyalara və azərbaycanlı iştirakçıların fikirlərinə ŞKTC mediasında geniş yer verilib.

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}