Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib

OXUNUB: 89 İQTİSADİYYAT

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin birinci görüşü keçirilib.

Energetika Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Görüşdə bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 milyard ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 milyard ABŞ dolları sərmayə yatırıb.

 

Energetika naziri Pərviz Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: "Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.”

Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın "yaşıl enerji” zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.

Təşkilatın Baş katibi Bağdad Əmrəyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib.

Görüşdə, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye nazirinin müavini Veronika İsayeva, Özbəkistan energetika nazirinin elm və innovasiyalar üzrə müşaviri Əziz Əliməhəmmədov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin energetika və iqlim üzrə xüsusi səfiri Dora Zombori çıxış edib.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.

RƏYLƏR