"Türkiyənin Suriyada antiterror əməliyyatını Azərbaycan dəstəkləyir" – Əli Həsənov

OXUNUB: 576 SİYASƏT
"Müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır”. 

İcmal.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasimdə çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyləri münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırdı ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-daşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formalaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışan Əli Həsənov diqqətə çatdırıb ki, Ulu Öndərimiz hələ Naxçıvan Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət atributlarımızın bərpasına nail olub və Azərbaycan hakimiyyətinə bu istiqamətdə dəyərli tövsiyələr verib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə Prezidentin imzaladığı məlum Sərəncam, o cümlədən dövlətimizin başçısı tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu istiqamətdə atılan mühüm siyasi qərarlar sırasındadır. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Qardaş Türkiyədə belə bir möhtəşəm mərasimin təşkili xüsusilə əhəmiyyətlidir. İstər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, istərsə də müstəqilliyimizin bərpası Türkiyədə böyük qardaş sevinci ilə qarşılanıb. Ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətlərinin əhəmiyyətindən bəhs edən Əli Həsənov bildirdi ki, ölkələrimizin sürətli inkişafı və müstəqilliyimizin əzmlə qorunması Ulu öndərlərimizin ruhunu şad edir.

Prezidentin köməkçisi çıxışında Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının Azərbaycanda dəstəkləndiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər Türkiyənin təhlükəsizliyi, terrordan xilas olmaq, əhalinin əmin-amanlığını təmin etmək üçün atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradə xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyinə xidmət edir.
 

İcmal.Az

RƏYLƏR