“Tvinninq” layihəsi üzrə ekspertlərin Bakı şəhərinə səfəri başa çatmışdır

OXUNUB: 444 Özəl SOSİAL
Əvvəllər məlumat verildiyi kimi, "Avropa Qonşuluq Aləti” çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə tərəfdaş ölkə Litva Xüsusi İstintaq Xidməti arasında "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı "Tvinninq” layihəsi həyata keçirilir. 7NEWS.az xəbər verir ki, aprelin 11-dən 15-dək layihənin "Strateji planlaşdırma və qanunvericilik bazasının inkişaf etdirilməsi yolu ilə aktivlərin milli bərpası sisteminin formalaşdırılması” və "Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin milli aktivlərin bərpası qurumu kimi formalaşdırılması üçün institusional strukturu və fəaliyyətinin təkmillşdirilməsi” adlı 1-ci və 2-ci komponentləri üzrə Belçika Krallığının Aktivlərin bərpası və idarə olunması ofisinin rəhbəri və Litva Respublikasının Xüsusi İstintaq Xidməti və Polis bürosunun əməkdaşlarından ibarət qısamüddətli ekspertlər qrupu Bakı şəhərinə səfər etmişdir.
Səfər zamanı ekspertlərə ölkəmizdə aktivlərin bərpası və idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər, o cümlədən, maliyyə istintaqı, cinayət təqibindən kənar müsadirə, aktivlərin bərpası və məhkəməyəqədər səmərəli idarə olunmasına dair hazırlanmış yeni qanun layihələri, görülməsi nəzərdə tutulan digər tədbirlər barədə məlumat verilmiş, ekspertlərin sualları ətraflı cavablandırılmışdır.  
Səfər çərçivəsində qısamüddətli ekspertlər Baş Prokurorluq və ərazi prokurorluqların 1-ci və 2-ci komponent üzrə cəlb edilmiş 25 əməkdaşının iştirakı ilə Belçika Krallığı və Litva Respublikasında cinayət aktivlərinin bərpası və idarə olunması sahəsində fəaliyyətə dair geniş təqdimatla çıxış etmişlər. Maraqla qarşılanan təqdimatlar üzrə aktivlərin bərpası və idarə olunması sahəsində mütərəqqi Avropa təcrübəsinə dair fikir mübadiləsi həyata keçirilmişdir. 
Fakt araşdırma missiyasının sonuncu günü ekspertlər qanunvericilik bazasına dair əldə etdikləri məlumatlar əsasında "Cinayət aktivlərinin bərpası üzrə Milli Strategiya və Fəaliyyət planı”, həmçinin "Aktivlərin bərpası haqqında” Qanun layihələrində əks olunmalı müddəalara dair mülahizələrini təqdim etmiş və faydalı müzakirələr aparılmışdır.

RƏYLƏR