Uşaqlarımın və mənim gözümün qarşısında evə gətirdiyi qadınla sevişirdi

OXUNUB: 371 HADİSƏ

Bu rubrikamızda məişət, seksual və bu kimi təcavüzə məruz qalan qadınlara və azyaşlılara kömək etməyə, mütəxəssislərin məsləhətlərini onlara çatdırmağa çalışacağıq.

Bir sözlə, "SOS” – deyib, imdad istəyən hər kəs BiG.AZ vasitəsilə problemini həll etmiş olacaq.

Öncə qeyd edək ki, bu kimi məsələlərlə bağlı [email protected] ünvanına yaza və ya (077) 712 56 66 nömrəsinə zəng vura bilərsiniz. 

"Ərim evə bir qadın gətirib, dedi ki, bu gündən o da bizimlə yaşayacaq, arvadımdır”

"Bu biabırçılığa artıq dözə bilmirəm. Ürəyim az qalır ki, partlasın. Həyat yoldaşım iki ay öncə evə başqa bir qadın gətirib, dedi ki, bu gündən o da bizimlə yaşayacaq, arvadımdır. Buna etiraz etmək istədim, uşaqlarımı da götürüb, evdən getmək istədim. Lakin o, buna imkan vermədi. Saçlarımdan tutub, məni uşaqların və yeni gətirdiyi qadının yanında sürüməyə başladı. Sonra da ayaqları altına salıb, təpiklədi. Üz-gözüm partladı... O, uşaqların göz yaşlarına da məhəl qoymurdu. Mənə dedi ki, getmək istəyirsən, uşaqları qoy, evdən çıx. Mən 7 yaşlı Elzamini, 8 yaşlı Fərəhi tanımadığım bir qadının ümidinə qoyub gedə bilməzdim. Ona görə də özümü zorla sıxdım, saxladım. Hətta əvvəlcə valideynlərimə belə heç nə demədim”.

"Mənim və övladlarımın gözü qarşısında evə gətirdiyi o qadınla cinsi əlaqəyə girirdi”

Bu sözləri hazırda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan 27 yaşlı Pərvanə Zamanova (qadının təhlükəsizliyi üçün adı dəyişdirilib-red.) deyir. 

"İki ay nə çəkdiyimi bir Allah, bir də iki balam bildi. Ərim hər axşam evə gəlir, spirtli içki içib, öncə evdə dava salıb, məni döyürdü, daha sonra da mənim və övladlarımın gözü qarşısında evə gətirdiyi o qadınla cinsi əlaqəyə girirdi... Kaş ki, balalarım bu dəhşəti, iyrəncliyi görməyəydi. Hər dəfə eyni vəziyyət olanda, Allahdan özümə ölüm arzulayırdım. Ərim həmin qadınla sevişir məni və övladlarımı da buna baxmağa vadar edirdi... Bu hal düz 2 ay davam etdi. Valideynlərim Sabirabad rayonunda yaşayır. Biz isə evlənəndən sonra Bakıya köçüb, burada kirayədə qalırdıq. Dəfələrlə anama zəng elədim, başıma gələnləri danışdım. Anam dedi ki, kəs səsini, otur oturduğun yerdə. Bu evə qayıtmağı da heç ağlından keçirmə. Başqa çarəm yox idi, küçələrdə dilənmək də olsa, evdən qaçmağa qərar verdim. Ərim və özünə arvad elədiyi o qadınla yuxuda olanda səhərə yaxın saat 4-də evdən qaçdım. Bir müddət, küçələrdə gecələməli oldum. Daha sonra isə Mehriban Zeynalovanın "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağı haqda öyrəndim, ora yolandım. Sağ olsun, Mehriban xanım, mənə sığınacaqda yer verdi. 

Təşkilatın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, qadın onlara müraciət edəndə, acınacaqlı durumda olub:

"Qadının və uşaqlarının psixoloji durumu bərbad idi. İlk olaraq, onlarla reabilitasiya keçdik. Sığınacaqda yer verdik. Əri ilə danışıqlara girdik. O, bura gələndə, qarşımda Pərvanənin dediyinin əksinə, olduqca mülayim bir adam gördüm. Mehriban, gülərüz. Təbii ki, bunların hamısı bir görüntü idi... Həmin şəxs xanımına bundan sonra nə uşaqlarını nə də ki, onu incitməyəcəyinə dair söz verdi. Amma Pərvanənin üzü necə dönmüşdüsə, barışana oxşamırdı. Artıq boşanma işlərinə başlanıb. Hər iki uşaq məktəbə gedir, təhsil və digər lazımi ehtiyacları bizim təşkilat tərəfindən qarşılanır”.


"Deyirdi ki, kişi çılpaq yatar...”


P.Zamanova söhbətə müdaxilə edir. Deyir ki, sığınacaqdan çıxdıqdan sonra özü işləyib övladlarını dolandıracaq:

"Elə atanın yanında övlad saxlamaq olmaz. Uşaqların yanında lüt anadangəlmə gəzirdi. Hətta qızının yanında da... Oğlum da bura sığınacağa gələndə, utanmadan, çəkinmədən dedi ki, kişi çılpaq yatar... İnanın ki, buradakıların yanında elə xəcalət çəkdim ki...”

Sığınacaqda çalışan Yaqut xanım söhbətə müdaxilə edir, deyir ki, Fərəh sığınacağa gələndə, buradakı uşaqlara qaynayıb-qarışmırdı:

"İnandırım sizi, uşaqların psixoloji durumu çox acınacaqlı idi. Onlarla çox çalışmalı olduq. Psixoloqların gərgin səyindən sonra bu körpə balalar həyata, ətrafdakılara adaptasiya ola bildilər”.

"Günlərlə ac qalmağa razıyam, təki döyülməyim, söyüş eşitməyim”

P.Zamanova həyat yoldaşı ilə bir daha barışmayacağını, söyləyir:

"Günlərlə ac qalmağa razıyam, təki döyülməyim, söyüş eşitməyim. Kurs bitirmişəm, gözəllik salonlarının birində işləyə bilərəm. Yeganə istəyim ondan ayrılıb özümə, övladlarıma sakit həyat qurmaqdır”. 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə əlavə edir ki, evdən qaçan qadınları mühakimə edirlər: 

"Hərə bir söz yazır. Amma nəzərə almırlar ki, heç kim xoşbəxt ailəsindən, ona hörmət edən həyat yoldaşından ayrılmaq istəməz. Pərvanənin həyat yoldaşı deyir ki, mən onu döymürəm, döyülməyə özü səbəb verir... Evə də başqa qadını məhz buna görə gətirmişdim... Təəssüf ki, hər gün belə qadınlarla üzləşirik”./big
 
 İcmal.Az

RƏYLƏR