VALYUTA SATIŞINA NƏZARƏT GÜCLƏNDİRİLDİ – 500 dollardan artıq vəsait alanlara qarşı yeni tələblər

OXUNUB: 1064 İQTİSADİYYAT BANK

Müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanır

Azərbaycanda xarici valyuta alanlara nəzarət bir qədər də gücləndirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınması nəzərdə tutulur.

Artıq müştərilər baza məlumatları - ad-soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da - yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi göstərməlidirlər.

Fed.az-ın banklardan əldə etdiyi məlumata görə, adınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar.

Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir.

Başqa sözlə, dollar almaq üçün manatın mənbəyini, eləcə də alınan dolların (və ya başqa xarici valyutanın) necə sərf ediləcəyini göstərmək tələb olunur. 

Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.

Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Bunun üçün valyuta dəyişmə əməliyyatı zamanı bəzi sənədləri təqdim etmək lazımdır.


 

Bütün bu məlumatlar Mərkəzi Bankdakı ümumi portala toplanılır və təhlil edilir.

Əgər müştəri alqı-satqı edibsə, yəni dollara çevirmək istədiyi manat məbləğini alqı-satqı nəticəsində əldə edibsə (məsələn, ev və ya digər əmlak satıbsa), notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər. Məsələn, 40 min manatlıq alqı-satqı edilibsə, o qədər dollar almaq olar və sair.

Əgər vəsaitin mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış tələb olunur.

Banklardan bildirilib ki, təqdim edilən məlumatlar toplanaraq yoxlanılır.

Əgər məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur.

Əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır. Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.

 

İqtisadçı Rövşən Ağayev bu qərarı şərh edərkən bildirib ki, məntiqləhökumət mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyi tələb etməlidir:  "Məntiqi yanaşsaq, dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun ki? Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balasını 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyi ilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın ki? Oğurlayıb bahalı maşın almaq olar, dollar yox?
Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü? Yaxud, eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın ki?!..." 

R. Ağayev deyir ki, bu qadağa və sərt nəzarətin ən böyük fəsadı "qara bazarın” dirilməsi ola bilər. Yüksək marja ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür...


RƏYLƏR