Vaqif Əsədovdan müraciət: Rayon qeydiyyatlı avtomobilləri idarə etməyin - VİDEO

OXUNUB: 804 SOSİAL

Hal hazırda ölkəmizdə elan olunan karantin rejimi ilə bağlı bir çox tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri görülür və vətəndaşlarda yaranan suallarla bağlı rəsmi qurumlar tərəfindən açıqlamalar verilir.

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. 

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ-a bildirib ki, karantin rejimini nəzərə alaraq yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir: 

"Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını "Evdə qal!” kampaniyasına qoşumağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız. Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və "Evdə qal!” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur.

Sürücülərdən, xüsusən də hazırda paytaxtda bölgə qeydiyyatında olan dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.

Əlavə olaraq bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər".

 

RƏYLƏR