Vasif Talıbovla Qüdrət Həsənquliyev arasında savaş – Nazir deputatı təhqir etdi

OXUNUB: 125 HADİSƏ
"Vasif Talıbov vaxtı ilə ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxmışdım. O isə...”

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Naxçıvandan deputat seçilmiş Qüdrət Həsənquliyev arasında ciddi problem yaranıb.
 
İcmal.Az xəbər verir ki, partiya sədrinin "Azpolitika” saytına verdiyi müsahibədə bu, aydın görünür. Belə ki, Q. Həsənquliyev mənəvi dəyərlərin açınmasından, söyüş terrorundan danışarkən diqqəti Naxçıvana yönəldib. Bildirib ki, Naxçıvanla bağlı təkliflərlə çıxış etdikdən sonra bir nazir tərəfindən ağır ittihamlar və təhqirlərlə üzləşib: "Açıqlamamda qeyd etmişdim ki, Naxçıvanın iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac var. Prezident də daim söyləyir ki, iqtisadiyyatımız inkişaf etdirilməlidir və əyalət rəhbərlərinin fəaliyyətinə həm də iqtisadiyyata özəl sərmayənin cəlb olunmasına görə qiymət veriləcəkdir. Prezidentin bu mövqeyinin nəticəsi kim artıq 34 rayon və şəhərin rəhbəri öz işini yeni tələblərə uyğun qurmağı bacardığından dövlət büdcəsindən dotasiya almır, bəziləri isə öz xərclərini tam ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla vəsait də ödəyirlər. Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manat dotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfədən çox – 300 milyon 360 min manat dotasiya alır. Bu rəqəmləri deputatlara hökumət təqdim edib. Mən də büdcənin müzakirəsi zamanı imkan olmadığından mətbuatda bu barədə danışmışdım. Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssiələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın "daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyəti olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər əslində ölkə rəhbərliyinə meydan oxuyurlar”.

Millət vəkili daha sonra bu məsələlərdə Vasif Talıbovdan narazılığını açıq ifadə edir: "Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi.

Ümid edirəm bu açıqlamamdan sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır”.

İcmal.Az

RƏYLƏR