Vaxtı keçmiş kreditlərin həcmi bəlli oldu

OXUNUB: 1110 İQTİSADİYYAT

Banklar tərəfindən ev təsərrüfatlarına ayırılan kreditlərin həcmi  azalıb. 

İcmal.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin dörd ayında  ev təsərrüfatlarına 5230,2 milyon manat kredit verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu kreditlərin həcmi 1955,2 milyon manat azalıb.

2017-ci ilin dörd ayında ev təsərrüfatlarına ayrılan vəsaitin kredit portfelindəki xüsusi çəkisi 33,8 faizə bərabər olub. Bu da ilin əvvəli ilə müqayisədə istehlak kreditlərinin portfeldəki xüsusi çəkisinin  1 faiz, ötən ilin hesabat dövrü ilə müqayisədə isə 4,5 faiz  azalması deməkdir.

Hesabat dövründə ticarət və xidmət sektoruna 2198,9 milyon manat, inşaat və əmlak sektoruna 1863,7 milyon manat kredit ayrılıb.  Mərkəzi Bankın statistikası göstərir ki, inşaat və əmlak sektoruna ayrılan kreditlərin ümumi həcmi azalsa da, kredit portfelindəki  xüsusi çəkisi faiz nisbəti ilə artıb və ilin əvvəlindəki 11,9 faizdən 12,1 faizə yüksəlib. 

Qeyd edək ki, ilin əvvəlindən ümumilikdə 15 milyard manat kredit qoyuluşu həyata keçirilib. Kreditlərin 1594,0 milyon manatının ödəmə vaxtı keçib. Bu da vaxtı keçmiş kreditlərin kredit portfelindəki xüsusi çəkisinin 10,3 faizə çatması deməkdir. Müqayisə üçün bildirək ki, ilin əvvəlində nisbət 9,8 faiz olub.

İcmal.Az

RƏYLƏR