Venesuela Prezidenti: Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir

OXUNUB: 550 GÜNDƏM SİYASƏT
Bizə göstərilən dərin qonaqpərvərliyə görə Azərbaycan hökuməti və xalqına təşşəkkür edirəm. Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir. Azərbaycanla bizim çox səmimi və mehriban münasibətlərimiz var. Bu ölkənin qonaqpərvərliyini və qonaqlara göstərdiyi nəzakəti alqışlayırıq.
İCMAL.az-ın məlumatına görə, bunu Venesuelanın Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.
N.Maduro bildirib ki, Venesuela 3 ildir ki, bu hərəkata sədrlik edir: "Venesuela xalqı sülhsevər xalqdır. Biz istərdik ki, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha sıx həmrəylik olsun və bu həmrəylik daha da güclənsin. Biz görürük ki, bununla bağlı addımlar atılır. Bu fürsətdən istifadə edərək arzu edirik ki, Azərbaycan bu həmrəyliyin daha qabarıq nümayiş etdirilməsi üçün çalışsın. Biz bir-birimizlə daha tez-tez görüşməliyik. Bunun əsasında biz qarşımıza qoyduğumuz məqsədlərə daha tez nail ola bilərik”.
N.Maduro vurğulayıb ki, üzv dövlətlərə qarşı məhdudlaşdırıcı tədbirlər görülür: "Biz elə etməliyik ki, bunun qarşısı alınsın. Biz görürük ki, Venesuelada da sülh pozulur, dövlət çevrilişinə cəhd edirlər. Bəzi qüvvələr var ki, xalqın iradəsini sual altına almağa çalışır. Qoşulmama Hərəkatına üzv dövlətlər bu cəhdlərin qarşısını almalıdır. Biz həmrəy olmalıyıq ki, səsimiz diqqətdən kənarda qalmasın. Cəhd göstərəcəyik ki, öz rifahımızı əldən verməyək. Xarici müdaxilələrin qarşısını almalı, birgə müqavimət göstərməliyik”.

RƏYLƏR