Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir

OXUNUB: 448 SOSİAL
Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin əməkdaşı Nigar Ağakişiyeva Zəfər Günü ilə bağlı məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

Gözün aydın, Azərbaycan!

Hələ 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı.

Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoydu, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qaldı.

Azərbaycan tarixinin şanlı səhifəsi

Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir. Keçən il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başladı və buna cavab olaraq Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoydu, ədalətli müharibə apararaq torpaqlarımızı azad etdi. Başqa sözlə, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini - minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasnı məhv etdi. Düşmənin 4 ilə işğal etdiyi ərazilərin böyük bir qismi cəmi 44 günə azad edildi. 44 gün ərzində, ümumilikdə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Və 28 il sonra Şuşa həsrətimizə son qoyuldu. Nəhayət, keçən il noyabrın 10-da Ermənistan kapitulyasıya aktına imza atdı və üçtərəfli razılaşmaya uyğun olaraq Ermənistan qoşunları Ağdam, Kəlbəcər və Laçın rayonunun işğal altında olan qismindən çıxdı.

Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Budur şanlı, qürurlu Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Vətən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.

Tarixi Zəfər

Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini həmişəlik həll edib. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün tamlığına nail olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin axır çərşənbə günü Şuşada - Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Qarabağa milli-mənəvi dəyərlərinin rəmzidir.

Müzəffər Prezidentimizin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işğaldan azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə qayıdışın ifadəsidir.

Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri, qılınan namazlar, edilən dualar əxlaqi-dini dəyərlərimizin əks-sədasıdır.

Qarabağ Azərbaycandır!

RƏYLƏR