“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi

OXUNUB: 839 QHT
"Sabahın Sahibkarları” təlimlərinə start verilib.
"Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi "Sabahın Sahibkarları” layihəsinin icrasına start verilib.
Layihədə Bakı və Sumqayıt şəhərlərindən olan sahibkar gənclərin, o cümlədən yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin bilik və bacarıqlarının artırılması, onlara fəaliyyətlərində dəstək verilməsi, müxtəlif ideyalarının layihə və proqramlar şəklində reallaşdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində adları qeyd olunan şəhərlərdə gənclər üçün sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları, firmanın idarə edilməsi, marketinqin əsasları, kommersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması, reklam işinin təşkili, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı hüquqi-normativ sənədlərin lazım olduğu və hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında geniş təlimlər keçirilir. 
Dəstək Xidməti gənc sahibkarlara təlim proqramı ilə yanaşı, məsləhət proqramı da təşkil etmişdir. Belə ki, təcrübəli iqtisadçılar tərəfindən ayda iki dəfə olmaqla, gənc sahibkarlar üçün "Açıq qapı” günü keçiriləcək, burada gənclər onları maraqlandıran suallara cavab tapacaq və zəruri məsləhətlər alacaqlar. 
Qeyd edək ki, layihə çərçivəsində gənc sahibkarların özəl müəssisələrdə istehsalat təcrübəsi keçmələrinə də şərait yaradılacaq. Benefisiarlar tərəfindən yeni ideyaların meydana gəlməsi üçün fəaliyyətlər yalnız təlim, görüş və yarmarkalarla yekunlaşmayacaq, həftə sonlarında onların müvafiq qrafikə uyğun olaraq tanınmış sahibkarlarla görüşləri təşkil olunacaqdır. 
 
İcmal.Az




RƏYLƏR