Vətəndaş "Unibank"ı məhkəməyə verdi: Yenə kompensasiya mübahisəsi

OXUNUB: 2106 GÜNDƏM Özəl İQTİSADİYYAT

Bakı şəhəri, Binəqədi rayonu, Hökməli kəndi, Yeni Yaşayış massivində yaşayan Abbasquliyev Eldar Mürşüd oğlu "Unibank"dan kompensasiyasını ala bilmədiyini deyir.



Şikayətçi bununla bağlı AFN-ə ünvanladığı müraciətdə bildirir ki, 29.11.2014-cü il tarixdə adıçəkilən bankdan 5000 ABŞ dolları məbləğində kredit götürüb: "Həmin krediti Prezidentimiz İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman verilənədək ödəmişəm. Bütövlükdə qeyd edilən müddət ərzində banka 11 min manat ödəmişəm. Yəni təxminən 3900 manat götürüb, 11 min manat ödəmişəm. Fərman verildikdən sonra mənə də kompensasiya hesablanıb və bu barədə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında məlumat yerləşdirilib. Həmin məlumata əsasən, mənə 3361.58 manat kompensasiya hesablansa da, "Unibank” onun yarısını - daha doğrusu, 1083 manatını mənimsəyib. Bank rəhbərliyi Fərmanı qulaqardına vuraraq bu günə qədər mənə çatmalı olan kompensasiyanı ödəməkdən qəti şəkildə imtina edir".
Şikayətçi bununla əlaqədar olaraq bankı məhkəməyə verdiyini bildirib. O, eyni zamanda ölkə başçısına da müraciət ünvanlayıb. "Xahiş edirəm "Unibank” ASC-nin bu qanunsuzluq və özbaşınalığına son qoyulması və mənə düşən kompensasiyanın tam şəkildə ödənilməsi üçün göstəriş verəsiniz” - deyə müraciətdə deyilir.
Qeyd edək ki, E.Abbasquliyevin iddiası üzrə məhkəmə prosesi fevralın 4-də Nəsimi rayon məhkəməsində baş tutacaq.
"Unibank"dan məsələ ilə bağlı mövqe öyrənmək istəsək də, suallarımız cavabsız qaldı.
 
İcmal.Az

RƏYLƏR