Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-Araşdırma

OXUNUB: 2847 SOSİAL
Dövlət müstəqilliyinin əleyhinə səs verdi, özü nazir statuslu, qardaşı icra başçısı və s., və s.



Yenixeber.org: Dövlət Gömrük Komitəsində (DGK) həyata keçirilən struktur islahatlardan sonra kadr dəyişiklikləri zamanı yeni vəzifəyə çəkilənlərdən biri də Çoşqun Əhmədzadə adlı gömrük məmuru oldu. DGK-nin sədri Səfər Mehdiyevin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edildi. Bu vəzifəyə təyin edilməzdən əvvəl Coşqun Əhmədzadə Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tuturdu. Avtonəqliyyat Baş Gömrük İdarəsi isə Aksiz Baş Gömrük İdarəsi ilə birləşdirildiyi üçün Çoşqun Əhmədzadənin vəzifəsi də ləğv olunmuşdu. Ancaq DGK-nin sədri Səfər Mehdiyev Çoşqun Əhmədzadəni vəzifəsiz qoymadı və onu daha böyük vəzifəyə-Bakı Baş Gömrük İdarəsində rəisin birinci müavini təyin etdi.

Bu təyinat haqqında məlumat yayıldıqdan sonra diqqətlər Çoşqun Əhmədzadənin kimliyinə yönəldi. Məlum oldu ki, 1978-ci il təvəllüdlü Çoşqun Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur. Bu fakt DGK-də kadr təyinatlarının hansı prinsiplər əsasında həyata keçirildiyi haqqında müəyyən suallar doğurur. Səfər Mehdiyev DGK-nin sədri olduqdan sonra kadr təyinatlarının hansı prinsiplər əsasında həyata keçirilməsi başqa bir araşdırmanın mövzusudur.

Dövlət Gömrük Komitəsinin rəsmi saytında mərhum prezident Heydər Əliyevin "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” fikiri deviz olaraq yer alıb. Bu çox doğru qiymətləndirmədir və gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Ancaq yenixeber.org olaraq xatırladaq ki, müstəqilliyin əsas atributlarından biri olan gömrük orqanının əsas qurumlarından olan Bakı Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vzəifəsinə təyin edilən Çoşqun Əhmədzadə Azərbaycanın müstəqilliyinin əleyhidarı olan bir şəxsin qardaşı oğludur...

Bu iddia deyil, tarixi faktdır. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Sovetində "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında” Konstitusiya Aktı müzakirə edilərək qəbul olundu. Bu hadisə sıradan bir qanunvecilik aktının qəbulu deyildi. "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında” Konstitusiya Aktı Azərbaycan xalqının 1920-ci il 28 aprel işğalından sonra başlatdığı azadlıq və istiqlal savaşının məntiqi nəticəsi idi. 1920-ci il 28 aprel işğalından sonra başladılan azadlıq və istiqlal savaşında isə Azərbaycan on minlərlə şəhid vermişdi. Dövlət müstəqilliyinin bərpasını nəzərdə tutan qanunvericilik Aktı Ali Sovetdə müzakirə olunduğu günlərdə də xalqımız şəhidlər verməkdə davam edirdi. Ancaq bu Ali Sovetin 360 üzvündən 31 deputatının Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının əleyhinə səs verməyə mane olmadı. Müstəqilliyimizin əleyhinə səs verənlərdən biri də Əhməd Əhmədzadə idi. 1980-1991- ci illərdə Füzuli və Şəmkir rayonlarının, Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində olan Əhməd Əhmədzadənin müstqəillik bərpa olunduqdan sonra siyasi hakimiyyətdə yüksək vəzifə tutması isə təkcə siyasi yox, həm də bir mənəviyyat məsələsidir. Daha da çox sual doğuran fakt isə odur ki, Əhmədzadə qısa müddət hakimiyyətdə olan Əbülfəz Elçibəyin təyinatı ilə bu vəzifəyə sahiblənib. (Məlumata görə Əhmədzadəni Elçibəydən İmam Mustafayev xahiş edibmiş).

Maraqlıdır ki, müstəqilliyin əleyhinə səs verməsi Əhməd Əhmədzadəyə son 25 il ərzində melioarasiya və su təsərrüfatı kimi starteji sahəyə rəhbərlik etməsinə mane olmayıb. Bu illər ərzində meliorasiya və su təsərrüfatına cavabdeh olan qurumun adı və statusu bir neçə dəfə dəyişsə də, Əhməd Əhmədzadə mövqeyini qoruya bilib. Belə ki, Əhməd Əhmədzadə 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olaraq meliorasiya və su təsərrüfatını 25 il ərzində öz nəzarətində saxlaya bilib.

Cənab Əhmədzadə özü yüksək vəzifə tutmaqla kifayətlənməyib, yaxınlarının da yüksək vəzifələr tutmasına nail ola bilib. Belə ki, kiçik qardaşı Mübariz Əhmədzadə 2007-ci ildə Qax rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, iki il bu vəzifədə işlədikdən sonra Zaqatala rayonuna transfer olunub. Həmin vaxtdan, yəni 1 sentyabr 2009-cu ildən bu günə kimi Zaqatala rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Mübariz Əhmədzadə Qax rayonundan Zaqatala rayonuna transfer olunduqdan sonra Qax rayonu "yad əllər”ə keçmədi. 2010-cu il aprel ayında Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Musa Şəkiliyev təyin olundu. Musa Şəkiliyev isə Əhməd Əhmədzadənin xalası oğludur. Göründüyü kimi müstəqilliyin əleyhdarı olan Əhməd Əhmədzadə vəzifəsini qoruya bildiyi kimi, strateji əhəmiyyətli iki vəzifəyə-Zaqatala və Qax rayonların rəhbərliyinə də qardaşı Mübariz Əhmədzadə və xalası oğlu Musa Şəkiliyevi təyin etdirə bilib.

İndi isə başqa bir strateji əhəmiyyətli posta Bakı Baş Gömrük İdarəsi rəsinin birinci müavini Coşqun Əhmədzadə təyin edilib. Zaqatala və Qax rayonlarında, eləcə də respublikanın başqa şəhər və rayonlarında müxtlif vəzifələrin rəhbərliyində Əhməd Əhmədzadənin çoxsaylı qohum-əqrabası "lövbər salıb”. Onların hamısının adının burada qeyd olunmasının oxucular üçün yorucu ola biləcəyini və daha mühüm məqamların varlığını nəzərə alıb, ayrı-ayrı idarə rəhbərləri ilə bağlı məlumatları dərc etmirik.

Digər bir mühüm məqam isə Əhmədzadələrin qudaları ilə bağlıdır. Əhməd Əhmədzadənin yeganə oğlu Cümə Əhmədzadə Mərkəzi Bankın "şef"i Elman Rüstəmovun kürəkənidir. Elman Rüstəmov da qudası kimi uzun müddətdir ki, kürsüsünü qoruyub saxlaya bilir. Belə ki, Əhməd Əhmədzadənin qudası 23 ildən artıqdır ki, Mərkəzi Bankın rəhbəridir. Əhməd və Mübariz Əhmədzadələrin digər qudaları da sıradan şəxslər deyillər. Məlum səbəblərdən bu yazıda bütün bunları sıralamağı uyğun bilmədik.

Bu qədər geniş şaxələnmiş Əhmədzadələrin biznesi də genişdir. Həmin biznes Qax rayonundan Böyük Britaniya və Avropanın digər ölkələrinə kimi uzanır. Əhmədzadələrin biznes imperiyası haqqında növbəti yazıda bəhs edəcəyik.

Yazı hazırlanarkən adıçəkilən şəxsləri də dinləmək istədik. Təəssüf ki, ötən yazıda olduğu kimi bu dəfə də cəhdlərimiz nəticəsiz oldu.
 
İcmal.Az

RƏYLƏR