Övladınızın yanında olduğunuzu göstərin...

OXUNUB: 543 SOSİAL
 Yaxın günlərdə ali məktəblərə qəbul imtahanlarının nəticələri elan edildi. Ali məktəbə qəbul olanların sırasında  "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloji hazırlıq təlimlərində iştirak edən abituriyentlərin də olması bizi çox sevindirir. "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi  və "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi olaraq, biz də öz növbəmizdə tələbəliyə vəsiqə alan bütün abituriyentləri, onların ailələrini təbrik edir, gənclərə seçdikləri peşə yolunda uğurlar arzulayırıq. Hər il olduğu kimi, bu ildə qəbul imtahanlarında uğurlu nəticə qazana bilməyən gənclər də oldu. Sözümüz onlara və onların ailələrinədir.
Əziz yeniyetmə və gənclər! Unutmayın, bu son deyil! Hələ qarşınızda uzun və mənalı keçirə biləcəyiniz bir ömür var. Oxumaq, təhsil almaq heç zaman gec deyil. Ola bilər ki çəkdiyiniz əməyin hədər getdiyini düşünür, ruhdan düşürsünüz. Bu heç də belə deyil. Çalışıb öyrəndiyiniz bilgilər sizin qazancınızdır, həmişə gərəyiniz olacaq. Həyat bir nərdivandır, onu pillə-pillə çıxacaqsınız. Qarşıda manelər olacaq, o maneləri aşdıqca bərkiyib möhkəmlənəcəksiniz. Sınaqlar, çətinliklər sizi qorxutmasın.Qarşınıza qoyduğunuz məqsədə doğru maneləri aşaraq, inanaraq keçsəniz yolun sonu mütləq aydınlıq olacaq. Tələbə adını qazanmamağınız sizi məyus edə bilər, amma bunu qətiyyən uğursuzluq saymayın.Qarşınızda hələ çox şanslar var, onları dəyərləndirin.
Əziz ata və analar! Təbii ki övladınızın məhs bu il tələbə olmasını siz də çox istərdiniz. Unutmayın ki, sizin övladınız çox həssas bir dönəmdən keçir, aldığı nəticə onda ruh düşkünlüyü yaradır, indi o hər kəsdən çox sizin qayğınıza, diqqətinizə ehtiyac duyur. Çətin sınaq imtahanı, həyəcan, təşviş, gərginlik, imtahan nəticəsinin yaratdığı stres yeniyetmə övladınızda kifayət qədər psixoloji travma yaradır. Bu halda siz də "Əziyətimizi boşa çıxartdın!”, "Qonşunun uşağı heç hazırlığa getməmişdi, amma qəbul oldu” kimi ifadələrlə onda olan psixi gərginliyi artırırsınızsa, gözləmədiyiniz acınacaqlı nəticə ilə qarşılaşa bilərsiniz. Odur ki, səbrli olun və mütləq şəkildə övladınızın yanında olduğunuzu göstərin.

  Təranə Məmmədova 
 "Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin Rəhbəri
 "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
  Psixologiya üzrə Fəlsəfə doktoru

RƏYLƏR