Vüqar Qədirov onu təhqir edən saytı məhkəməyə verdi

OXUNUB: 258 HADİSƏ

"Baku Press Milli İnformasiya Agentliyi” adlı saytda dərc edilən məqalə ilə bağlı məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət olunacağı bildirilir. 

İcmal.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb tanınmış ictimai-siyasi fəal, hazırda isə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini işləyən Vüqar Qədirov barəsində dərc edilən məqalədir.

Həmin dövlət qurumunun kollektivi adından redaksiyamıza göndərilən müraciətdə bildirilir ki, məlum məqalədə Vüqar Qədirovla yanaşı, bütün kollektiv təhqir olunub, orada çalışan xanımların ünvanına böhtan fikirlər yer alıb. Kollektiv adından göndərilən həmin müraciəti olduğu kimi təqdim edirik: "2017-ci ilin yanvar ayından etibarən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinə Qədirov Vüqar Kərim oğlu rəis müavini təyin edilmişdir.
Vüqar Qədirov işlədiyi 1 il müddətində regional idarənin əhatə etdiyi bütün müəssisələrin: uşaq musiqi məktəblərinin, mədəniyyət evləri və klubların, muzeylərin, mərkəzi kitabxana sistemlərinin və s. kollektivlərinin dərin hörmətini qazanmış, yüksək intellektual səviyyəsi, işgüzarlığı, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, etik davranışları ilə digər şəxslərə nümunə olmuşdur.
Təəssüflə qeyd etmək istərdik ki, "Baku Press Milli İnformasiya Agentliyi”ndə 10 yanvar 2018-ci il tarixdə "Agcəbədi Mədəniyyət mərkəzinin rəhbərliyinin mədəniyyətsiz işləri-İTTİHAM” sərlövhəli yazı yerləşdirilmiş, həmin yazıda İdarənin rəis müavini Qədirov Vüqar Kərim oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən böhtan dolu saxta məlumatlar yerləşdirilmişdir.

Həmin saxta yazıda guya Vüqar Qədirovun idarədə "at oynatdığı”, "Bakıda otura-otura idarənin işçilərinə qan uddurduğu”, "idarə və müəssisələrdən rüşvət aldığı”, "dövlətin büdcəsini taladığı”, "idarənin tabeçiliyində işləyən qadınlara əxlaqsız təkliflər etdiyi” və s. qeyd edilmişdir. Başdan ayağa çirkin böhtan və ittihamlarla insan ləyaqətini alçaldan bu yazını təkcə Vüqar Qədirovun şəxsinə deyil, bütünlükdə regional idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrdə işləyən ləyaqətli insanlara, şəxslərə, xanımlara təhqir kimi qəbul edirik.
Məlumat üçün bir daha bildiririk ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı prinsipial siyasəti dəstəkləyən Vüqar Qədirovun namusu, əxlaqı, ləyaqəti, yüksək intellekti, qabiliyyəti, onu deməyə əsas verir ki, onu gözü götürməyən insanlar tərəfindən sifarişlə yazılan bu yazı həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır.

Qeyd etmək istərdik ki, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin: Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 78 məcburi köçkün mədəniyyət müəssisələri fəaliyyət göstərir ki, onların da fəaliyyətinin əlaqələndirilməsini rəis müavini kimi Vüqar Qədirov həyata keçirir.
Biz aşağıda imza edən mədəniyyət müəssisələrinin rəhbərləri Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin, əhatə etdiyi rayonların, müəssisələrin dəqiq adını bilməyən, rəis müavininin səlahiyyətlərinə aid olmayan məsələlərdə ağır ittihamlar bildirməklə böhtan atan, özünü milli mətbuat nümayəndələri kimi təqdim edən, reketçiliklə məşğul olan, jurnalist adına ləkə gətirən şəxslərin yoxlanılmadan, sifarişlə yazdıqları cızma-qaraların qarşısının alınması və cəzalandırılması üçün hüquqi tədbirlərin görülməsini tələb edirik”.

İcmal.Az

RƏYLƏR