Vüqar Rəhimzadə: "Dövlətçilik və milli maraqlar naminə mübarizə aparan “İki sahil” həmişə düzgün yolda olub"

OXUNUB: 212 MÜSAHİBƏ
«Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı göstərilir. Xüsusi vurğulamaq lazımdır ki, istər Mətbuat Şurası, istərsə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlətin bu sahədəki siyasətinə dəstək istiqamətində öz fəaliyyətlərini uğurla davam etdirir». Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü  Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, hər iki qurum ölkədə mətbuatın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, eyni zamanda, KİV ilə ictimaiyyət - dövlət qurumları arasında daha sıx münasibətlərin qurulması sahəsində daim fəal çalışır, bununla bağlı mütəmadi olaraq tədbirlər, görüşlər keçirilir, müzakirələr aparılır: «Mən də bu qurumlarda təmsil olunan bir şəxs kimi çalışıram ki, Azərbaycan jurnalistikası daim uğur qazansın, müasirləşsin. Hesab edirəm ki, görülən bu uğurlu işlər öz bəhrəsini verir, ölkəmizdə bütün sahələr kimi, mətbuat da sürətlə inkişaf edir». 
V.Rəhimzadə rəhbərlik etdiyi «İki sahil» qəzetinin fəaliyyəti haqqında da məlumat verib. "İki sahil” 1991-ci ildə nəşrə başladığını xatırladan baş redaktor qeyd edib ki, qəzetimiz hər zaman dəqiq, obyektiv, ədalətli və qərəzsiz mövqeyi ilə seçilib. «Dövlətçilik və milli maraqlar naminə mübarizə aparan "İki sahil” həmişə düzgün yolda olub. Biz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi ağır vəziyyətdən çıxarmaq üçün Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasını israrla qeyd etmişik. Göründüyü kimi, güclü, müstəqil Azərbaycanın mövcudluğu bizim düzgün, ədalətli mövqedə olmağımızın bir daha təsdiqidir. Bu gün Heydər Əliyev ideyaları yaşayır, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Təbii ki, qəzetimiz yarandığı ilk illərdə olduğu kimi, bu gün də Heydər Əliyev ideyalarının fəal təbliğatçısıdır, dövlət başçımızın yürütdüyü uğurlu siyasi kursun ən böyük dəstəkçilərindən biridir. Bununla qürur duyuruq.
Qeyd edim ki, "İki sahil” qəzeti Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən, möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrliyi ilə öz işini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və fəaliyyətində də hər zaman qətiyyətli mövqe ortaya qoyub. Bununla yanaşı, müəllifi Ümummilli liderimiz olan yeni neft strategiyasının Azərbaycanın inkişafındakı əvəzsiz rolu, adı dünyanın nəhəng şirkətləri sırasında çəkilən SOCAR-ın uğurlu fəaliyyəti ilə bağlı araşdırma və təhlili yazılar dərc etmişik və bu istiqamətdəki fəaliyyətimizi səylə davam etdiririk. Təbii ki, "İki sahil” gündəlik ictimai-siyasi qəzet olaraq daim ölkə daxilində və xaricdə baş verən hadisələri diqqətdə saxlayır, insanları doğru, dəqiq və qərəzsiz informasiya ilə təmin edir. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, "İki sahil” müasir Azərbaycan mətbuatının formalaşması və inkişafında böyük rolu olan qəzetlər sırasındadır»- deyə, V.Rəhimzadə vurğulayıb./yap.org.az
 
İcmal.Az

RƏYLƏR