“Xalq qəzeti” xalqımızın sevimli və nüfuzlu söz tribunasıdır

OXUNUB: 87 GÜNDƏM SOSİAL

"Xalq qəzeti” milli mətbuat tariximizdə son dərəcə mühüm missiya yerinə yetirmiş mətbuat orqanıdır. Nəşrin fəaliyyətinin ötən bir əsrlik xronikası, heç şübhəsiz, Vətənimizin də mətbu tarixi, ölkəmizin sənədli salnaməsidir. 1919-cu ilin bu günündə "Kommunist” adı ilə çıxmağa başlamış indiki "Xalq qəzeti”ndə daim peşəkarlar, ən yaxşı jurnalistlərimiz çalışmışlar. ­Onlar öz ideya və baxışlarını zamanın ideoloji buxovlarından müdafiə etməyi, cəsarət və ləyaqət mücəssiməsinə çevrilməyi ­bacarmış, Azərbaycan ziyalısı kimi cəmiyyətə müraciət edə bilmişlər. Qəzeti milyonlar üçün cəlbedici edən də məhz onun bu xüsusiyyəti olmuşdur. 

1919-cu ildən fasiləsiz olaraq fəaliyyət göstərən yubilyar nəşr kütləvi maariflənmə və canlı jurnalistika məktəb rolunu oynamışdır. Bu məktəb jurnalistikanı cəmiyyətə üstün peşə kimi təqdim etmiş, sözün kütlələrə təsirini və dəyişdirici gücünü göstərmişdir. Azərbaycanın neçə-neçə tanınmış dövlət və ictimai xadimi, ziyalısı, görkəmli siması ilk addımını məhz bu məktəbdə atmışdır. Bu avanqard gündəlik rəsmi qəzetin ideya-siyasi və peşəkarlıq səviyyəsi respublikanın bütün dövri nəşrləri üçün örnək kimi qəbul edilmişdir.
Yubilyar qəzet milli- mədəni qüvvələri öz ətrafında birləşdirən mərkəz rolunu oynaması ilə də həmişə diqqəti özünə çəkmişdir. Hər cür məhrumiyyətlərə baxmayaraq, bu qüvvələr milli kimlik məsələlərini, müxtəlif problemləri nəşrin səhifələrinə böyük fədakarlıqla daşımağı bacarmışlar. Təbii ki, buna görə dövrün sərt cəzalarını çəkmək aqibətini də yaşamışdılar. Ümumən, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mir Cəlal, Süleyman Rüstəm, Mirzə İbrahimov, Rəsul Rza, Nəsir İmanquliyev, Nəbi Xəzri, İlyas Əfəndiyev, Yusif Səmədoğlu kimi görkəmli ziyalılar uzun illər milli-mənəvi dəyərlərimizi məhz "Xalq qəzeti”ndə dərc etdirdikləri məqalələrlə qorumuşlar. Belə dəyərli simalara ardıcıl və geniş tribuna verilməsi, eyni zamanda, ədəbi dilimizin zənginləşməsinə də müstəsna töhfələr vermişdir. Qəzet ana dilimizə qayğıkeş münasibəti ilə seçilmiş, ənənə və novatorluqda normativliyi və varisliyi əsas götürmüşdür. 
Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikamızda hakimiyyətə gəldikdən sonra yubilyar nəşrin əsl himayədarı olmuş, həmin illərdə qəzet öz səhifələrində tənqidlərə daha çox yer verməsi ilə seçilmiş, istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədəki ciddi əhəmiyyət daşıyan məsələləri cəsarətlə işıqlandırmışdır. Heydər Əliyev şəxsiyyətinin qəzetə himayəçiliyi respublikada müstəqil mətbuat ənənələrinin bərpasına müstəsna dəstək olmuşdur. "Kommunist” qəzeti kimi fəaliyyətə başlamış, uzun illər məhz bu adla fəaliyyət göstərmiş qəzetin dövlət müstəqilliyimizin əldə edilməsində xidmətləri önəmlidir. Nəşrin fədakar kollektivi ötən əsrin sonlarına doğru geniş vüsət almış milli-azadlıq hərəkatını dəstəkləmiş, habelə ərazi bütövlüyümüz uğrunda mübarizənin önündə getmişdir. Təsadüfi deyil ki, redaksiya kollektivi kommunist buxovundan qurtulduğunu, bu ümummilli nəşrin müstəqil şəkildə "Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirdiyini Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən də əvvəl – 1991-ci il avqust ayının 27-də elan etmişdi. Belə bir prinsipial və qətiyyətli addım həm əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuat ənənələrimizə böyük dəyər, həm də bütövlükdə, Vətənə müstəsna xidmət nümunəsi idi. 
Bu günün "Xalq qəzeti” ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sadiq monolit komanda, jurnalistikaya qəlbən bağlı olan peşəkar insanların Vətən uğrunda əzmlə çalışdıqları mərkəzdir. Nəşr vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun dərinləşməsində fəal, ciddi mövqeyi ilə seçilməkdədir. Bu qəzet fəaliyyətinin bütün dövrlərində olduğu kimi, yenə də jurnalistika məktəbi statusunu daşımaqdadır. Qətiyyətlə demək olar ki, bu mətbuat orqanının mövcudluğu ötən 100 ilimizin böyük mənəvi dəyərlərindən birini təşkil edir. "Xalq qəzeti”, eyni zamanda, gələcək nəsillərə dəyərli irs ola biləcək mənəvi sərvətdir.
Əminəm ki, yubiliyar dövri nəşrin fədakar kollektivi bu məsuliyyəti dərindən dərk edərək fəaliyyətini bundan sonra inamla, xalqa xidmət amalı ilə davam etdirəcək. Milli jurnalistikamızın ən üzunömürlü qəzetinin 100 illik yubileyi təntənəsinə sevincinə qoşulur, "Xalq qəzeti”nin kollektivinin başda baş redaktor Həsən Həsənov olmaqla hər bir üzvünü təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq uğurları, yeni müvəffəqiyyətlər arzulayıram.

 

Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı

RƏYLƏR