Xalq rəssamı Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş fərdi sərginin açılışı keçirilib - FOTOLAR

OXUNUB: 2736 GÜNDƏM MƏDƏNİYYƏT
Yanvarın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Mədəniyyət və İncəsənət Universitetinin professoru, «Şöhrət» ordenli Arif Əzizin və tələbələrinin «Maestro & Artists» adlı sərgisinin təqdimatı keçirildi. Rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə Arif Əzizin və 100-ə yaxın tələbəsinin əsəri nümayiş edilib. Tədbirdə rəsmilər, görkəmli mədəniyyət,incəsənət xadimləri sənətsevənlər iştirak edirdi. Sərginin açılış mərasimində çıxış edənlər Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova,Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev,xalq rəssamı Səlhab Məmmədov, «Dədə Qorqud» Fondunun prezidenti Eldar İsmayılov Arif Əzizin yaradıcılıq fəaliyyətini işıqlandırdılar. Rəssama « Dədə Qorqud» Fondunun xatirə medalı təqdim edildi.
Arif Aziz artıq 50 ilə yaxındır ki, bütöv bir pedaqoji sistemə yiyələnərək Azərbaycan mədəniyyəti gəncliyinin fəal "qurucusu”na çevrilmişdir. O, çoxsaylı tələbələrinə gözəlliyi görməyi və hiss etməyi, gördüklərini isə incəsənətin dilinə çevirməyi, kompozisiyanı anlamağı öyrədib. Bu ünsiyyətdə bağlayıcı vasitə - yalnız incəsənətə yüksək əxlaqi münasibətin rəssamın şəxsiyyətini formalaşdıran qüvvə olmasına inamdır.
Gənclər Arif Əzizi təkcə yaxşı pedaqoq olduğuna görə deyil, həm də tələbələrini həvəslə öz emalatxanasına dəvət edən geniş qəlbli rəssam olduğuna görə sevirlər. Arif Əziz emalatxanada sanki onun əsərlərinin təəssüratı altında ovsunlaşmış tələbələrinə dərslərini davam etdirir. Dərs demək Arif Əzizin fitrətindədir, həm də yalnız universitet divarları arasında deyil, o, həmçinin öz emalatxanasında, təcrübi məşğələlər zamanı təbiətin qoynunda da tədrislə məşğul olur. Bu, rəssamın ünsiyyəti sevdiyindən irəli gəlir. Onun emalatxanası isə özlüyündə bir "İncəsənət məbədi”dir. Buraya onun yaşa dolmuş keçmiş tələbələri də gəlirlər. Onlar artıq yetkinləşmiş, püxtələşmiş sənətçilər olsa da öz müəllimləri və rəhbərləri ilə ünsiyyətə ehtiyac duyurlar.

Arif Əzizin emalatxana” modeli renessans idealına əsasən qurulur. O,burada "maestro-rəssam” və sənətin sirlərinə vaqif olan bir insandır. Əvvəldən tələbələri onu ən yaxşı sənətkar kimi yetişmək üçün gözəl təhsil verən ustad rəssam kimi qəbul edirlər. Ustad və şagirdi peşəkar təhsildən daha çox daxili və mənəvi prinsiplərin, şəxsi intizam və özünə qarşı tələbkarlığın tam vəhdəti birləşdirir. Şərq filosofu kimi Arif Əziz də bildirir ki, "Ustad sənətkar” əlində olan bütün bacarıqları ilə öz məqsədi uğrunda daima mübarizədədir, o, hər zaman ideala çatmaq yolunda axtarışda olmalıdır... O, yaradıcılıq prosesi üçün bütün ruhi-mənəvi qüvvələri səfərbər edərək, özü üçün demək olar ki, zahidvari şəxsi nizam-intizam qaydaları təcrübəsini işləyib hazırlamışdır. Onun rəsmlərindən elə bil gözəgörünməyən ilahi qüvvələr, ali rəmzlər, müqqəddəs arzular axıb keçir. Belə bir hiss doğur ki, sanki o, bu ucsuz-bucaqsız kainatda tənhadır, ətrafda isə onun sənətkar baxışı ilə fəth olunmuş bütöv bir aləm var. Onun əsərlərinin obrazları vasitəsilə sakral aləmlə real aləm, səmavi və yerə aid olanlar arasında əlaqə gerçəkləşir, Arif Əziz incəsənətə sanki hansısa bir müqəddəs, demiurq (yaradıcı) bir varlıq kimi yanaşır. O, sanki sakral məkanın sahibidir, emalatxanasındakı işləri isə Yaradanın əməllərinin modelidir. Əzəli var olanın imitatoru da, canlı və cansız aləmin demiurqu da o özüdür. Rəssam üçün daima kamilləşmək, ali idraka yaxınlaşmaq naminə geniş imkanlar açan Loqosferin maddi obrazı da odur. Bu isə, onun fikrincə, Yaradanın nişanəsini daşıyan incəsənətə olan çox böyük ehtiramın nəticəsidir

Yarım əsrlik pedaqoji fəaliyyətinin uğurları sayəsində əminliklə demək olar ki, Mədəniyyət və İncəsənət Universitetində Arif Əziz "məktəbi” yaranmışdır. Təbii ki, burada söhbət, onun çoxillik iş təcrübəsi nəticəsində formalaşmış düşüncə və həqiqətləri öz tələbə­lərinə çatdırmağı bacaran güclü rəssam şəxsiyyətinin nüfuzu, təsiri və nümunəsindən gedir. Respublikanın bir çox təsviri sənət nümayən­dələri, hal-hazırda xalq rəssamı, əməkdar xadim adını daşıyan bir çox sənətkarlar öz qabiliyyət və bacarıqlarını məhz Arif Əzizin yaradıcılıq emalatxanasında cilalamışlar. O, öz tələbələrinə həmişə dəstək olmuş, sərgilərini hazırlamaqda onlara kömək etmiş, onların tərtibatında iştirak etmiş, bu sərgilərin kataloqlarında giriş sözünün müəllifi olmuşdur. Respublika Gənclərinin I və II forumlalarında tələbələrinin əsərlərinin ekspozi­siyasının tərtibatına rəhbərlik etmiş və bu ekspozisiyanı Azərbaycan Prezidenti Ümummilli lider Heydər Əliyevə özü təqdim etmişdir.
​Arif Əziz incəsənətin, elə bil hansısa bir müdrik sirrinə vaqifdir. Bu sirr istedadlı insanı rəssama çevirir, onun sənətkarlığının yetkin­ləşməsi ilə nəticələnir. Arif Əziz təkcə sənətkarlığı öyrətmir, ondan dərs alan və sənətə yeni addım atan gənc rəssamda incəsənətin mahiy­yəti haqqında baxışlar, bədii-estetik zövq formalaşdırır. O, öz tələbələrində insani, əsl peşəkar rəssam keyfiyyətlərini tərbiyə edir ki, onların yoxluğunu heç bir bacarıqla doldurmaq mümkün deyil, çünki incəsənətdə hər şeydən ümdə olan – rəssamın bütöv və gözəl şəxsiyyətidir. Ona görə ki, incəsənət insan ruhunun gücü ilə hərəkət­dədir. Ruhun saflaşması – Arif Əzizin bir müəllim kimi tərbiyə metodunun mahiyyətidir. Pedaqogika həqiqətən onun ikinci istedadını üzə çıxarmışdır. Onun arayıb-axtaran enerjisi gəncliyin mənəvi tərbiyəsində müxtəlif yollar tapır. Bəlkə də bunun səbəbi müharibədə atasını itirmiş və "atalıq” anlayışının bütün ali keyfiyyətlərini şüuruna hopdurmuş gəncin uşaqlıqdan qəlbinin dərinliklərində gizlənib qalan incə duyğularıdır. Ancaq bəlkə də bu, onun sənətinin fəlsəfəsi ilə izah olunur. Bu sənətdə əşyalara bədii baxış qədər, yaradıcı dünyagörüşü də vardır. Həm də sanki hər ikisi çox irəliyə yönəlmişdir və gələcəkdə özünün tam təcəssümünü gözləyir. Onun üçün bu gələcək öz şagirdlə­ridir. Onun yaradıcılığı ilə incəsənətə tələblərinin miqyasını bütövlük­də təsəvvür edəndə rəssamın öz qarşısına əslində bir insanın gücü çatmayacaq vəzifələr qoyduğunu düşünməyə bilmirsən. Fəal, coşqun, axtaran, lakin ciddi, daima inkişaf və hərəkətdəki həyat həqiqətlərinin axtarışında yorulmaz olan rəssamın qəlbində başqalarını öyrətmək, yüksək sənətin ideya-bədii prinsiplərini öz tələbələrinə ötürmək kimi müqəddəs istək buradan qaynaqlanmırmı! Öz enerjisinin yarısını sənətinə sərf etmək əvəzinə digər gənc istedadlara həsr edən sənətkarın müdrikcəsinə özünə bəraət qazandırmasının kökləri bunda deyilmi! O, tələbələri üçün həmişə həm müəllim, həm ata, həm rəhbər olmuş və olaraq qalmaqdadır.
Rəssam özünün şəhər kənarındakı bağ evini həqiqi üzvü olduğu Dubrovnikdəki Beynəlxalq Rəssamlar Akademiyasının Bakı filialına çevirmiş və "Sənət evi” adlandırmışdır. Bu ocağı açmaqla Arif Əziz öz tələbələri üçün sənəti əyani şəkildə görmək və dərk etmək, sahibi olduğu kiçik bir sahəni əhatə edən şəxsi qalereyasında keçirilən hər cür sərgi və konfranslarda iştirakını təmin etməklə incəsənətlə daha yaxın ünsiyyətdə olmaq imkanını yaradıb.
​Beləliklə, Arif Əziz bu gün ona etibar edildiyi Azərbaycan incəsənətinin gələcək nəslinin vətəndaşı, pedaqoqı və humanistidir.Rəssamın ürəyi həyat təəssüratları üçün daim açıqdır, o, arxaya boylanmadan və keçmiş sxemləri təqlid etmədən gerçək həyatdan ilham alır, tələbələrinə ətraf aləmə, onun sonsuz yeniliklərinə həssas olmağı öyrədir, özünün ruhi-mənəvi gözəlliyə olan inamını rənglərin, formalar, xətlər və plastikanın dilinə köçürərək əsərlərində ifadə edir. Tədris Arif Əzizin yaradıcılıq ömrünün mühüm hissələrindən biridir, çünki bu onun bədii yaradıcılıq prosesinə, tələbələrinin işlərini təhlil edib, sənətin dinamikasını izləməyə yardım edir və stimul verir. Onlarla dialoq rəssam-pedaqoqun baxışlarına və ideyalarına daima nəzarət tələb edir, Arif Əzizin sənətkarlığına yeni rənglər qatıb təzə-tər axın gətirir.




































































RƏYLƏR