Xanəndənin qardaşı: Miryusif bizim həyətdə öldürülməyib

OXUNUB: 750 SOSİAL

Bərdə rayonunda dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayəti barədə bəzi təfərrüat məlum olub.

İcmal.Az-ın məlumatına görə, iddialara əsasən, xanəndə Miryusif həmkarı Novruz Hüseynovun valideynlərinin evində öldürülüb.

Məsələ barədə Novruz Hüseynovun qardaşı Azər Hüseynovla əlaqə saxladıq.

Azər Hüseynov Oxu.Az-a açıqlamasında bildirdi ki, yayılan iddialar yalandır:

"Hadisənin necə baş verdiyi hələ məlum deyil. Qardaşımın narkotik qəbul etdiyi deyilir. Yalandır. O, heç spirtli içki də içmirdi. Valideynlərim Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində fermada yaşayırlar.

Əgər Miryusif bizim həyətdə öldürülsəydi, orada diri adamı da gizlətsən, ortalığa çıxmazdı. Meyiti orada gizlədərdi. Kimsə də tapa bilməzdi. Gizlətməyə yer tapmırdı? Valideynlərim yaşayan yerdə kimi gizlətsən, ortalığa çıxa bilməz. Çünki çöllük ərazidir”.

Novruz Hüseynov qardaşı bildirib ki, qardaşı ilə Miryusif Mirizadənin məclislərə bir gediblər:

"Hansının toyu olurdusa, bir-birlərini çağırırdılar. Qardaşım zülümlə yığdığı pulu aparıb özünə maşın alıb və Miryusif həmin maşını sürərək evimizə gətirib, hadisəni törətməyi planlayıb? Əsassızdır”.

Azər Hüseynov qeyd edib ki, hazırda polis araşdırma aparır:

"İstəyirik ki, həqiqət üzə çıxsın. Gündüz dostlar arasında nə haqq-hesab olub, bilmirik. Səhərə yaxın saat 05:00-da evdən çıxıblar. Anam deyir ki, Novruz qapıdan çıxanda tək çıxıb. Miryusif heç maşında olmayıb. Onu qaçırıblar.

Biz də yol qırağında yaşayırıq. Yəqin, onu digər dostları qaçırıb, qardaşım da onun arxasınca gedib. Hadisə necə olub, meyitin maşından çıxarılmasını polis araşdırır”.

Miryusifin əmisi Mirsəməd Mirizadə Oxu.Az-a bildirib ki, qardaşı oğlunun narkotik qəbul etməsi iddiası yalandır:

"Hər kəs bir versiya səsləndirir. Hazırda Prokurorluqda məsələ barədə araşdırma aparılır. Biz də Miryusifin ölümü barədə təfərrüatı gözləyirik”.

Qeyd edək ki, Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR