Xanhüseyn Kazımlı Milli Məclisə içkili gəlib ? - VİDEO

OXUNUB: 539 Özəl SİYASƏT

Bir neçə gündür ki, sosial medianı deputat Xanhüseyn Kazımlının, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışını əks etdirən videogörüntü zəbt edib. Görüntülərdən aydın olur ki, millət vəkili fikirlərini ifadə edə bilmir, anlaşılmaz danışır.

Deputatın sözügedən videosunu izləyən sosial şəbəkə istifadəçiləri X.Kazımlının səhhəti ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. İddia olunur ki, deputat ciddi xəstəliyə düçar olub.


Qeyd edək ki, X.Kazımlı Milli Məclisin son iclasında da çıxış etmək üçün söz istəyib və eynən məlum vidoedakı kimi rabitəsiz danışıb. Deputatın çıxışı Milli Məclisdə gülüş doğurub və onun iclasa içkili vəziyyətdə gəldiyi ehtimal olunub.

Maraqlıdır, deputatın anlaşılmayan çıxışları nədən xəbər verir? Həkimlər bu barədə necə düşünürlər?

"Yeni Sabah” xəbər verir ki, AYNA-ya danışan tanınmış həkim Rəşid Mahmudov deyib ki, Xanhüseyn Kazımlının həkimə ehtiyacı var: "Millətin də, dövlətin də dəyəri onun ziyalısıdır. Bir ziyalı ki, yaltaqdır, vay o millətin halına. Onların hamısını ziyalılıqdan çıxarmaq lazımdır. Bunu isə biz – sən, mən etməliyik”.

"Bu ölkə düzəlməlidir və onu nə Amerika düzəldəcək, nə Fransa, nə də digərləri. İstefa verməyənlər də cəhənnəmə verməsinlər. Görünür, hökuməti yaxşı idarə edirlər, yaxşı qanunlar qəbul edirlər, ona görə də getmək istəmirlər. Elə adamların istefasını gözləmək doğru deyil, çıxarıb atmaq lazımdır. O adamlardan deputat olmaz”, – deyə R.Mahmudov vurğulayıb.

Həkim-nevroloq Qalib Əsədov isə bildirib ki, nitqin bu şəkildə pozulması bir çox səbəblərdən baş verə bilər: "Düzdür, hər hansı bir şəxsi müayinə etmədən onun haqqında dəqiq diaqnoz qoymaq mümkün deyil. İnsanın xüsusi nevroloji statusunu dəqiqləşdirəndən sonra demək olar ki, onda nə var. Ancaq belə rabitəsiz nitq yuxusuzluqdan, yorğunluqdan, hansısa kimyəvi dərmanların, müəyyən spirtli içkilərin təsirindən baş verə bilər.

Həmçinin yaşı 70-dən çox olan bəzi insanlarda Altsheymer xəstəliyi müşahidə olunur. Həmin xəstəliyin daşıyıcılarında da bu şəkildə nitqin pozulması baş verir. Eyni zamanda, beyinin alın payında müəyyən problemlər, məsələn şiş varsa, o cümlədən insult, qansızma olanda da nitqdə pozulmalar yaranır”, – deyə nevroloq vurğulayıb.

Q.Əsədov, "Deputat, məmur olmaq, dövlətin idarəedici qurumlarında təmsil olunmaq üçün tibbi baxımdan müəyyən yaş senzi varmı, yaxud olmalıdırmı” sualımıza da aydınlıq gətirib: "İnsanın əmək və əqli qabiliyyəti normaldırsa, istənilən yaşda fəaliyyət göstərə bilər. Yox əgər hər hansı xəstəlik, nevroloji problem varsa, bu, onun iş prosesində faydalılıq əmsalının aşağı düşməsinə səbəb olacaq. Belə problemlər isə insanın 40-50 yaşlarında da yarana bilər. Yəni yaş əmsalı problem deyil, insanın əqli qabiliyyətini yaşla ölçmək düzgün olmaz. Dahi alimlər var ki, 80-90 il yaşayıblar və elmə böyük tövhə veriblər. Məsələn, Lütfi Zadə ölənə qədər elmi fəaliyyətini davam etdirdi. Həmçinin müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərdən olan Stiven Hokinq yan amiotrofik skeleroz xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, kosmologiya və kvant qravitasiyası ilə bağlı ciddi elmi tövhələrə imza atdı”.

"Sözsüz ki, gəncin enerjisi daha çox olur. Ancaq bizdə yaşı 60-ı keçmiş kifayət qədər yaradıcı şəxs var. O cümlədən yaradıcı gənclər var ki, üzə çıxa bilmirlər, onların da problemləri var. O cümlədən yaşı aşağı olan deputatlar, məmurlar var ki, onların da fəaliyyətləri gözə dəymir. Yəni, iş görmək üçün, faəliyyət göstərmək üçün yaş önəmli deyil”, – deyə müsahibimiz əlavə edib.

Q.Əsədov bir məsələni də qeyd edib ki, zehni problemi olan insanlar, adətən bunu özləri dərk etmirlər: "Yəni heç kim ağlından şikayət etmir. Hətta dəlilər belə, özlərini ən ağıllı adam hesab edirlər və düşünürlər ki, onlarda hər şey əladır. Bunu kənardan müşahidə edənlər həmin şəxsə tövsiyə edə bilərlər ki, "artıq bəsdir””.

Qeyd edək ki, deputat özü isə məlum videosuna görə sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib: "Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər”.

RƏYLƏR