“Xarıbülbül” Şəhid və Qazi övladlarının yay düşərgəsinin açılışı baş tutub

OXUNUB: 926 QHT SOSİAL
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış” Gənclər Təşkilatı və "Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin birgə təşkilatçılığı ilə "Xarıbülbül” Şəhid və Qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı tədbiri baş tutub.

Açılış mərasimindən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinii ehtiramla anıblar. Davamında Şamaxı rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir rəsmi şəxslərin və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə  baş tutub.
Qonaqlar çıxışları zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, müzəffər ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdə milli birliyimizdən, gənclərin bu qələbədə ön və arxa cəbhədə göstərdiyi şücaətdən söz açıblar. 
Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən  qəhrəman vətən övladlarının yadigar övladları hər birimiz üçün əmanətdir. Vurğulanıb ki, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Şəhid və qazi övladlarının təhsilinin inkişafına töhvə vermək əsas məqsədlər sırasındadır.
Bu xüsusda, keçirilən düşərgənin məqsədi də şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi, özünə inam, həmrəylik və optimizm hislərinin gücləndirilməsinə çalışılacaq, həmin gənclər arasında dostluq əlaqələrinin qurulmasının təmin ediləcək, keçiriləcək müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olunacaq.
Düşərgə müddətində gənclər Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlərdə iştirakı, şəxsi və komanda inkişafı yönümlü təlimlər, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi, intellektual, komanda oyunları, mədəniyyət axşamları və asudə vaxt üçün müxtəlif əyləncəli fəaliyyətlər nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 60 nəfər şəhid və qazi  övladının iştirak etdiyi düşərgə 5 gün davam edəcək

RƏYLƏR