Xaricdəki Koordinasiya Şuraları Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

OXUNUB: 159 GÜNDƏM SİYASƏT

Avropada fəaliyyət göstərən İsveç, İsveçrə və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şuraları 4 iyun 2021-ci il tarixdə Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Koordinasiya Şuraları BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" və digər beynəlxalq təşkilatlara, media qurumlarına birgə bəyanat ünvanlayıblar. Bəyanatda diqqət Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına cəlb edilib. Bu dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara məhəl qoymamasının, mina xəritələrinin Azərbaycana təhvil verilməsindən imtina etməsinin acı nəticəsi kimi qiymətləndirilib.

Qeyd edilib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli sülh razılaşmasından indiyədək azad edilmiş ərazilərdə baş verən mina partlayışları zamanı 120-dən çox azərbaycanlı həlak olub və yaralanıb. Soydaşlarımız günahsız insanların ölümünə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü nəzərə çatdırıblar.

Koordinasiya Şuraları beynəlxalq birliyi Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa və rəsmi İrəvandan beynəlxalq hüquqa görə öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.

RƏYLƏR