“Xətai” stansiyasından istifadə edənlərin nəzərinə – FOTO

OXUNUB: 1125 SOSİAL

"Xətai” stansiyasının orta zalında əsaslı təmir, yenidənqurma və sağlamlaşdırma tədbirləri başa çatdırılıb.
 
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev İcmal.Az-a verdiyi məlumata görə, artıq sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər.

Qeyd edək ki, məkik hərəkət təşkil olunmuş "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında gediş-gəlişi tam məhdudlaşdırmamaqla "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi burada təmir-yenidənqurma işlərini mərhələli şəkildə həyata keçirir.

Stansiyanın istifadəyə verilən orta zalı görkəmini tamamilə dəyişib. Yol divarının aşağı hissəsində düzülmüş iki cərgəli mərmər üzlüklü səth ağ rəngli alüminium divar-tavan kompozisiyası ilə əvəzlənib. 

Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub. 

Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. 

Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.

Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də "Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən ibarət olan komissiya "Xətai” stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. 

Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyildir. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və "Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə təqdim olunub. 

Hazırda "Bakı Metropoliteni” QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır.

 

İcmal.Az

RƏYLƏR