Xidmət səviyyəsi “0” olan "Kapital Bank"da daha bir biabırçılıq: ƏMƏK HAQQI KARTLARI KÜTLƏVİ ŞƏKİLDƏ BLOKLANIR

OXUNUB: 2370 Özəl İQTİSADİYYAT

Azərbaycanda ən çox islahat tələb olunan sahələrdən biri də bank sektorudur. Bu sektorda illərdir baş verən özbaşınalıqlar, maxinasiyalar bilavasitə əhalinin sosial həyatını iflic vəziyyətə gətirib.

7NEWS.az xəbər verir ki, bank sektorunda nüfuzu sıfıra enən banklardan biri də "Kapital Bank"dır. Redaksiyamıza "Kapital Bank"ın xidmət səviyyəsi ilə bağlı mütəmadi şikayətlər daxil olmaqdadır. İşçilərin müştərilərlə kobud davranışı, süründürməçilik, mənasız gözlətmələr bu bankın müştəriləri arasında ciddi təşviş yaratmaqdadır.

Redaksiyamıza daxil olan növbəti şikayət isə öz məzmununa görə dünyada bir ilk kimi qiymətləndirilə bilər. Məlumata görə "Kapital Bank"da əmək haqqı kartları kütləvi şəkildə bloklanır. Artıq yüzlərlə insan bununla bağlı banka müraciət edir, ərizə yazır və blokları aradan qaldırmağa çalışırlar. Əməkdaşımız əmək haqqı kartı ilə bankın filiallarından birinə yaxınlaşır, kartın niyə bloklandığını soruşur. Cavab isə sözün əsl mənasında faciəvidir: "Biz bugün onlarla adamdan bloklanmaya görə ərizə almışıq, bir saata açılacaq”.

Məsələ burasındadır ki, "Kapital Bank” kartlarından əmək haqqı alan hər bir şəxs online ödəmə həyata keçirərsə anında kartı bloklanacaq. Bank əməkdaşı bunu təhlükəsizliklə əlaqələndirməyə çalışsa da dünyada belə bir absurd arqumentin olmadığını dedik. Təhlükəsizliklə bağlı müxtəlif texniki həllər var və bu gün dünyada və Azərbaycanda bir çox banklar bu üsuldan istifadə edir. Görünüən odur ki, "Kapital Bank”da bu qərarı verən şəxs əhali arasında ciddi narahatçılıq yaratmağı qarşıya məqsəd qoyub.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az


RƏYLƏR