Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir

OXUNUB: 512 SİYASƏT
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. O müdhiş fevral gecəsində Ermənistanın ölkəmizə hərbi təcavüzü, Xocalı qətliamı Xatın, Xirosima, Naqasaki, Lidiçe Babi Yar, Ruanda və Serebrenitsa faciələrini öz dəhşəti ilə geridə qoyub. Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb. Xocalı faciəsi ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Əslində ermənilər Xocalı faciəsinə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bəşəriyyət əleyhinə törədilmiş bu cinayətin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək.

"Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə təxəyyülün əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyub. Bir gecədə 8 ailə tamamilə məhv edilib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkinin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Dünyada analoqu olmayan soyqırımı aktı kimi tarixə düşən Xocalı faciəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçib. Ulu öndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci il 28 mart tarixli” Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu. Ulu Öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ümummilli Lider, eyni zamanda, xalqımızın əsrlərboyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayandığının şahidi oldu.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanıb. Məhz Heydər Əliyev Fondunun gərgin fəaliyyəti, əvəzsiz xidmətlərinin sayəsində dünya ictimaiyyəti Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması olub.

Xocalı qırğınından söz açan "Sonsuz dəhliz” sənədli filmi də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun gördükləri bu unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişib: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”. O gün gəldi. Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun "Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli-əbədi torpaqlarımızı 28 illik əsarətdən xilas etdi, Xocalı soyqırımını törədənlərdən Rüstəm Qasparyan, onun kimi neçə-neçə cinayətkarı, qaniçəni məhv etdi.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayan hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və qisasınız alındı deyir.

RƏYLƏR