Yaddaşlardan silinməyən 31 Mart soyqırımı

OXUNUB: 331 SOSİAL
Məlumdur ki , Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılmışdır. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında baş vermiş azərbaycanlıların kütləvi şəkildə soyqırımıdır. Xalqımızın başına gətirilmiş bu müsibət yaddaşlarda dərin iz qoymuşdur. Bu öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil , eyni zamanda bəşər tarixində də misli görünməmiş ən qanlı faciələrdən biridir.

Əllərinə düşən fürsətdən istifadə edən , yeri – yurdu bəlli olmayan , gözü daim başqasının torpağında olan acgöz , tamahkar , mənfur, vəhşidən də vəhşi ermənilər uşaq, qoca, qadın demədən minlərlə azərbaycanlı ilə yanaşı , ləzgi, avar,rus ,yəhudi, talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmışlar. Milli memarlıq incilərini – abidələri , məscidləri , məktəbləri, xəstəxanaları, hətta qəbiristanlıqları belə dağıdıb viran qoymuşlar. Bakının böyük bir hissəsini xarabalığa çevirmışlər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış , məqsədli şəkildə milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Həmin dəhşətli günlərin şahidi olmuş A. Y. Kluqe soyadlı bir alman Bakı hadisələri barədə yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Təkcə Bakıda bir həftə ərzində əksəriyyətini müsəlmanlar təşkil etməklə 12 mindən çox dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Ölkəmizdə ağalıq edən bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Bu, insanlıq adına yaraşmayan ,heç bir etik çərçivəyə sığışmayan, erməniyə layiq bir hərəkət idi.Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdur. Menşeviklərin "Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: "Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.
Şamaxıda isə 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı XX əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları – S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başladı. Ulu öndər "Azərbaycanlıların soyqırımı haqqında” 1998 – ci il 26 mart tarixli Fərman imzaladı və Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi…

Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyev 2018-ci il yanvarın 28-də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzaladı. Bu sərəncama əsasən 31 Mart dünya miqyasında anıldı və bütün sülhsevər bəşəriyyət erməni vəhşiliyinin , vandalizminin bir daha şahidi oldu. Bütün əldə olunan nailiyyətlər , erməni faşizmi üzərində qələbəmiz Prezidentimizin doğru – düzgün, ictimai – siyasi fəaliyyətinin nəticəsidir.

Beləliklə , heç nə unudulmur , heç bir şey yaddan çıxmır , zamanında layiqli qiymətini alır.

Könül Təhməzova, 7 saylı orta məktəbin direktoru

RƏYLƏR