Yeni nazirdən polislərə ilk tapşırıq - “Mədəniyyəti ilə...” – + Video

OXUNUB: 516 SOSİAL

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

İcmal.Az xəbər verir ki, tədbirdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.

Mərasimdə V.Eyvazov çıxış edib. Nazir Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqa, Vətənə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini xatırladıb.

Məzunların həyatında yeni dövrün başlandığını nəzərə çatdıran V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə müasir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər.

Sonra nazir tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb:

"Bu gündən həyatınızda yeni dövr başlayır. Qarşınızda ölkəmizin inkişafının əsas təminatlarından olan sabitliyi, asayişi və hüquq qaydalarını etibarlı qorumaq, insanların etimadını, sevgisini qazanmaq, onların yanında olmaq kimi çox mühüm vəziflər dayanır. Hər bir polis mədəniyyəti, davranışı ilə fərqlənməlidir”. 

Daha sonra döyüş bayrağı dördüncü kursun kursantlarına təhvil verilib. Kursantlar "Azərbaycan Polisi” marşını ifa ediblər.

RƏYLƏR