Yeni yaradılan iş yerlərinin sayı açıqlandı

OXUNUB: 898 İQTİSADİYYAT

2014-cü ilin yanvarın 1-dən 2018-ci ilin aprelin 1-dək olan dövr ərzində ümumilikdə 765,0 min olmaqla 565,2 min daimi iş yerləri yaradılıb.

Dövlət Statistika Komitəsindən İcmal.Az-a verilən məlumata görə, cari ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yerləri açılıb:

"Bu dövrdə yaradılan iş yerlərinin 59,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 35,5 faizi Bakı şəhərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, 63,1 faizi regionların, o cümlədən 16,2 faizi Aran, 11,3 faizi Gəncə-Qazax, 10,3 faizi Lənkəran, 6,6 faizi Abşeron, 6,4 faizi Yuxarı Qarabağ, 4,1 faizi Quba-Xaçmaz, 4,0 faizi Şəki-Zaqatala, 3,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 51,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb”.

Qeyd edək ki, bu il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 37,1 min nəfər olub, onların 36,6 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 354,2 manat olub.

İcmal.Az

RƏYLƏR