Yeni Yasamalda yaşayan vətəndaşların narazılıq etdiyi DYP maşını rəisin imiş – Foto

OXUNUB: 111 SOSİAL

Bakının Yeni Yasamal ərazisi Dadaş Bünyadzadə küçəsində yaşayan bir qrup sakin Azinforum.az-a müraciət edərək 10 YP 222 dövlət nömrə nişanlı avtomobili idarə edən Orxan adlı polis nəfərinin əməlindən narahatlıq keçirdikləri ilə bağlı məlumat vermişdik. Şikayətçilər DYP naryadının xidməti düzgün aparmadığı və bunun da nəticəsində onların rahatlığının pozulduğunu qeyd edirdilər: "Biz hansısa polis naryadının öz vəzifə borcunu yerinə yetirməsinin əleyhinə deyilik. Ancaq bu adamlar gecə-gündüz bilmədən, çox yüksək səsli olan "sirena” siqnalını birləşdirib ərazidə maşın qovurlar. İnanın ki, bütün yuxumuzu və istirahətimizi pozublar. Bir neçə dəfə irad bildirsək də, məhəl qoymurlar. Üstəlik də, həmin Orxan avtomobili çox yüksək sürətlə idarə edir. Sizdən xahiş edirik bizim sözügedən polis naryadından olan şikayətimizi DYP rəhbəri cənab Ramiz Zeynalovun diqqətinə çatdırasınız”.

Məqalənin yayımından sonra redaksiyamıza çoxlu sayda zənglər gəldi. Vətəndaşlar bildirdi ki, sözügedən maşın Yasamal DYP-sinin rəisi Məmməd Əliyevin xidməti avtomobildir. Onda isə maraqlıdır, rəisin xidməti avtomoblili niyə bütün günü məhz Yeni Yasamal ərazisində, özü də deyilən şəkildə xidmət aparır? Biz bu suala cavab tapmaq üçün Məmməd müəllimin özü ilə əlaqə saxlamaq istədik, amma ona etdiyimiz zənglərə cavab vermədi. Sakinlər bildirdilər ki, sözügedən avtomobilin yaratdığı narahatçılıqla bağlı bir neçə dəfə DİN 102 xidmətinə də zəng vurub, şikayət ediblər. Azinforum.az olaraq bildiririk ki, Məmməd Əliyev bu vəzifəyə 4 mart 2019-cu ildə təyinat alıb və tələbkar zabit kimi xarakterizə edilir. Ümid edirik ki, sakinlərin narazılığın aradan qaldırılması ilə faktı ilə onun özü və DYP rəhbərliyi də yaxından maraqlanacaq.

 

İcmal.Az

RƏYLƏR