“Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR

OXUNUB: 23 SOSİAL

Bu gün Suraxanı rayonu 279 saylı məktəbdə "Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı maarrifləndirici keçirilib.

Tədbirdə məktəb rəhbərliyi ilə yanaşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Sadıq Abbasov, Suraxayı rayon Dövlət Yol Polis Şöbəsinin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Kamal Əhmədli, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları, məktəbin kollektivi və şagirdləri iştirak edib.

 

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarrifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Şöbə rəisi qeyd edib ki, tədbirin məktəbdə keçirilməsinin səbəbi budur ki, azyaşlılar, məktəblilər də yol qəzalarının qurbanı olur. Bu səbəbdən azyaşlıları, məktəbliləri maarrifləndirməyə ehtiyac var.

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova da yol hərəkəti qaydaları barədə məktəblilərə məlumat verib, bununla bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb.

Eyni zamanda tədbirdə yol hərəkəti qaydalarına əməl etməyin əhəmiyyəti barədə həm Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə, həm də Avropa ölkələrində çəkilən sosial sujetlər nümayiş olunub, bununla bağlı müzakirələr aparılıb.

Şöbə rəisi Vaqif Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, Suraxanı rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları təbliğat işini gücləndirmək məqsədilə məhz bu məktəbi seçib: "Bu gün keçirilən tədbir sırf yol hərəkəti təhlükəsizliyinin təbliğatına dair işi gücləndirməkdir. Sağ olsun məktəb rəhbərliyi, kollektivi də bu görüşdə olduqca fəal iştirak etdi. Hesab edirik ki, gələn görüşlərimizdə şagirdlər özlərini daha da aktiv göstərəcəklər”.

279 saylı tam orta məktəbin direktoru Südabə Abdullayeva isə Metbuat.az–a açıqlamasında deyib ki, tədbinin təşkil edilməsində Bakı şəhəri Suraxayı rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Sadıq Abbasovun və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun da böyük rolu oldu: "Tədbir uşaqlarda motivasiya yaratdı, yol hərəkəti qaydaları ilə bağlı maarrifləndirici tədbir oldu. Bu cür maarrifləndirici tədbirləri davam etdirəcəyik”.

Tədbirin sonunda fərqlənən şagirdlərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.

İcmal.Az

RƏYLƏR