“Yol polisi belə nişanların qoyulmasına necə icazə verib?” - Etiraz

OXUNUB: 620 SOSİAL
"Azərbaycanda yol nişanları, nişanlanma problemi var. Birincisi, sürücülük vəsiqəsi alıb yola çıxanların bir qismi yol nişanları, xətlərin mənası, hərəkət qaydalarını bilməyənlərdir. İkincisi, yol nişanlarının qoyulması, vaxtaşırı nəzarət olunması prosesi də acınacaqlı vəziyyətdədir”. 
Bu sözləri "Yol hərəkəti haqqında” qanununa daxil ediləcək yeni nişanlar barədə "Yeni Sabah”a  danışarkən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, yeni nişan qoyulanda bu haqda məlumatlandırma olmur:

"Lazımi yerlərə nişanlar qoyulmur. Bu problemin yarısıdır. Problemin digər tərəfi piyada zolaqlarıdır. Piyada zolağına qədər xəbərdaredici nişanlar və ya sürət həddinin azaldılması tələbi olan nişan qoyulmur. Saatda 60 km sürətlə gələn maşın qəfil piyada keçidində dayanmalı olur. Bu da qəzalara səbəb olur. Piyada zolağına qədər ən azı iki xəbərdaredici nişan olmalıdır. Biri sürətin minimuma endirilməsi, ikincisi piyada keçidinin olması. Piyada zolaqları piyada və sürücülərin vizual kontakt edə bilmədiyi ərazidə çəkilir. Qəfil döngə, eniş və yoxuşda da piyada keçidi qoyarlar? Bu, birbaşa sürücü və piyadanın həyatını təhlükəyə atmaqdır”.

Ekspertin sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda günəş batareyası ilə işıqlandırılan nişanlar qoyulub:

"Yeni innovasiyaları alqışlayıram. Lakin bu innovasiya olduqca gülməli, bəlkə də ağlamalı bir qayda ilə tətbiq edilib. Həmin nişanlar məna və tələblərindən asılı olmayaraq eyni standartda və ölçüdə - kvadrat formada hazırlanmışdı. Əslində hər bir yol nişanının ölçüsü və forması fərqli olmalı və seçilməlidir. Beynəlxalq standart bunu tələb edir. Məsələ ondadır ki, yol nişanı yalnız bir tərəfdən hərəkət edənlər üçün deyil, əks tərəfdən gələn üçün də anlaşıqlı olmalıdır. Yol hərəkətinin bütün iştirakçıları nişanın ölçü və formasından təxmin edərək hərəkəti tənzimləyirlər. Bütün nişanların eyni formada olması isə çaşqınlıq yaradır. Heç təsəvvür edə bilmirəm ki, yol polisi belə nişanların qoyulmasına necə icazə verib? Bu gülməli-ağlamalı vəziyyət indiyə qədər davam edir”.

E.Cəfərov qeyd edib ki, yeni nişanların tətbiqi vacibdir: 

"Yeni nişanların tətbiqi vacibdir. Çünki yol hərəkətində yeni qaydalar tətbiq olunur. Yeni qaydaları tənzimləmək üçün istənilən sayda yol nişanlarının artırılması labüddür. Bu işlər yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün lazımdır. Bilirsiz ki, ötən il yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul olunub. Yaxın 4 il ərzində Azərbaycanda yol hərəkətinin tam təhlükəsizliyinə nail olmalıyıq”.

Qeyd edək ki, Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan tətbiq ediləcək. Bunlar üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti ("sarı kəsişmə toru”) və 5.53 "Daimi sağa dönmə” nişanıdır.

İcmal.Az

RƏYLƏR