Yol polisi gənc oğlanı ölümdən qurtardı – 5 dəqiqə geciksəydi

OXUNUB: 265 SOSİAL
Vasif Sadıqov qolu kəsilən oğlanı DYP maşını ilə xəstəxanaya çatdırıb

Dünən gecə saatlarında Abşeron rayonu, Xirdalan şəhərində çörək sexlərinin birində işləyən 21 yaşlı Ağa Əliyev yıxılaraq ağır xəsarət alıb. O, ayaqyolunda olarkən ayağı sürüşüb və yerə yıxılıb. Bu zaman qolu unitazın sınıq hissəsinə dəyib və kəsik xəsarətləri alıb. Damarları kəsilən gənc xeyli qan itirib. Onu çörək sexinə gələn bir müştəri maşına mindirərək xəstəxanaya aparmaq istəyəndə tıxaca düşüb. Bu zaman yolda xidmətdə olan Abşeron rayon DYP Şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqova yaxınlaşan Ağa Əliyevin anası Nəzakət Əliyeva ondan oğlunu xəstəxanaya çatdırmaq üçün kömək istəyib. Yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirən Vasif Sadıqov onları təcili yardıma çatdırıb. Lakin burada xəstənin xeyli qan itirdiyini deyərək qəbul etməyiblər. Bundan sonra DYP zabiti onları Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Burada da onları qəbul edən olmayıb. Nəhayət, Vasif Sadıqov yaralını Travmatologiya Xəstəxanasına çatdırıb. Burada xəstənin damarları tikilib, qanaxma dayandırılıb.
Anası Nəzakət Əliyeva Avtosfer.az saytına bildirdi ki, 5 dəqiqə də gecikmiş olsaydılar oğlu indi həyatda olmazdı: "Sağolsun həmin polis, bütün polislərə təşəkkür edirəm. O bizi çox yerə apardı, oğlumun həyatını qurtardı. Gecə də zəng eləyib maraqlandı, sonra gəlib uşağa baş çəkdi, mənə maddi yardım göstərdi. Bu gün oğlum əməliyyat olunacaq. Allah bütün polislərdən razı olsun. Biz o polis xilas etdi. Sağolsun ki, vaxtında həkimə çatdırdı”.

 

İcmal.Az

RƏYLƏR