Zahid Oruc: "Bu bütövlükdə Avropa Parlamentinin mövqeyinə çevriləcək" - ÖZƏL

OXUNUB: 822 index-manşet SİYASƏT

Bu gün Avropa Parlamentində (AP) yenicə yaradılmış "Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və "Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib ki, 1990-ci ildən sonra Azərbaycan Avropa Parlamenti səviyəsində bu məsələyə hər zaman hüquqi və siyasi qiymət verilməsinə çalışıb: "Xüsusi olaraq da bunu qeyd etmək istəyirəm ki, belə nümunələr olmasaydı, bəlkə də bizim dövlətimizin istəyini kimsə süngü ilə qarşılayanda onu haradasa anlamaq olardı. Halbuki, müxtəlif Qərb siyasi sturukturları və hökumətləri tərəfindən oxşar sənədlər keçmişdə də qəbul olunubdur. Həmçinin,bizdən sonra, ümumiyyətlə, bu məkana çıxan və orada öz məqsədlərini ifadə edən, bundan ötrü də beynəlxalq ictimaiyyətdən dəstək alan bir neçə dövlətin adını çəkmək olar. Belə ki, Ukrayna ötən əsrin 30-cu illərində məruz qaldığı "Qolodomor” ("Qolodomor” sözü Ukrayna dilində iki sözdən "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib) soyqırımı qeyd etdiyimiz vasitələrlə, hətta Birləşmiş Millətlər Təşkilatında (BMT) belə tanıtdırmağa nail olublar. Bu illər ərzində apardığımız mübarizə fonunda bir çoxları üçün sanki bu inanılmaz bir hadisə kimi görünüb. Bu səbəbdən də Avropa Parlamenti ara-sıra Qarabağ məsələsinə yanaşmalarında bəzən obyektivlik, bir sıra hallarda isə tamam fərqli əks mövqe tutduğunun şahidiyik. İndi isə ən azı bu münasibətlərin normalaşdığı bir çərçivədə heç olmasa, bizim də bilavasitə işbirliyində olan və bölgənin problemləri ilə tanışlığa malik dairələrdə belə bir reaksiya verilir. Arzu edərdik ki, bu bütövlükdə Avropa Parlamentinin mövqeyinə çevrilək. Doğrudu, həmin addımlar atılmış olsaydı belə, bu faktiki olaraq Qarabağ məsələsini həll etmirdi. Həmin bəyanatlar vasitəsi ilə Ermənistanı ifşa etmək yenə də çətin olurdu. Yaxşı bilirik ki, söhbət hətta hüququ qərarlardan gedəndə BMT qətnamələri daha üstün qüvvəyə malik olduğu halda onun icra mexanizmi işlənib hazırlanmayıbdır. Zahid Oruc hesab edir ki, həm Avropa Parlamenti, həm Avropa Şurası, həm də ATƏT çərçivəsində vahid bir mövqe işlənib hazırlanmalıdır: "Bu çox yaxşı olardı. Ən azı ermənilər xarici aləmdən o istədikləri dəstəyi qazanmayanda, bu onlar üçün müəyyən mənada bir siyasi sanksiya anlamına gələ bilərdi”. Xatırladaq ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib. 8 ailə isə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Anar CƏFƏROV

BNEWS.az

RƏYLƏR