"Zahir Əzəmət sahib olduqlarının qədrini bilir" - Sevinc

OXUNUB: 1708 MƏDƏNİYYƏT

İcmal.Az tanınmış şair Sevinc Çılğınla müsahibəni təqdim edir.

– Sevinc xanım, sosial şəbəkədə yoxsunuz. Və buna görə də sanki, bir ədəbiyyat adamı kimi varlığınız hiss olunmur...

– Bəli, mən buna virtual intihar deyirəm. "Sosial şəbəkədə yoxsansa, deməli, həyatda varlığın hiss olunmur” düşüncəsi isə tamamilə yalnışdır. Real həyat mənim daha çox xoşuma gəlir və indi özümü daha rahat hiss edirəm. Özünü kütlənin müdaxiləsindən qorumaq lazımdır. Hələ az-maz tanınan adamsansa. Sosial şəbəkələrdəki şöhrət, layklar mənə sabun köpüyü kimi gəlir. Məsələn, ilk dəfə getdiyim bir kənddə tanımadığım adamlar məni gülər üzlə salamlayırlar, çünki efirdə görüblər. Bu mənə daha xoş gəlir.

– Bəs necə oldu ki, sosial şəbəkələrdən uzaq durmağın əslində, rahatlıq olduğunu anladınız?

– Hər şeydən tez bezən adamam. Bir paltarı üçüncü dəfə geyinəndə belə canım sıxılır. Bilmirəm, Zahirlə on ildir necə yaşayıram (gülür). Və hələ də bilmirəm ki, 4-5 il sosial şəbəkəyə necə dözmüşəm. Ola bilər ki, başımı məişət məsələləri çox qatmışdı, uşaqlar, xırda qayğılar və s. Buna görə də kütləni hiss etmirdim. Bir də ayıldım və fikirləşdim ki, niyə bu insanlar mənim şəkillərimi görməlidir? Niyə fikrimi onlarla bölüşməliyəm. Mən yazı adamıyam, sözüm varsa, kitab yazaram da. Bir statusun ki, ömrü yenisi yazılana qədərdir. Zatən dünya fanidir, gerçəyin kölgəsidir deyirik. Sosial şəbəkələrsə gerçəyin kölgəsinin kölgəsi...

– Bəlkə həyat yoldaşınız Zahir bəy qadağa qoyub?

– Əsla. Mən heç vaxt qadağa eşitməmişəm. Nə ailəmdən, nə də Zahirdən. Mənim xoşbəxtliyim azadlığımdır. Sadəcə, çox məşhurlaşmışdım. Bir şəklimə yarım saatın içində min beş yüz, iki min layk gəlirdi. Bu, məni sıxırdı və telefondan asılılıq yaradırdı. Mən asılılıq hiss etdiyim şeyi dərhal kəsirəm. Asılılıq varsa, onu yaxşı tərəfə yönləndirmək lazımdır. Məsələn, indi elə etmişəm ki, idmandan asılı qalmışam. Hər gün fitneslə məşğulam.

– Zamin Hacı da feysbukdan gedib. Deyir, orada qalmaq mənasızdır.

– Düz deyir. İlk bir ay hələ təsirindən çıxa bilmirsən. Bir ay sonra yavaş-yavaş uyğunlaşırsan. Bu mövzuda iki böyük yazı da yazmışam. Narkotikdən asılı insan da onu tərgidəndə ilk həftələr çətin olur. Müəyyən müddət sonra sənin gözündə feysbukdakı o söhbətlər, münasibətlər, müzakirələr o qədər cılız, üzr istəyirəm, o qədər bambılı görünür ki...

– Sevinc xanım, evdən çıxanda gözəl görünmək üçün nə qədər vaxt sərf edirsiniz?

– Ümumiyyətlə, mən vaxtımın çoxunu özümə sərf edirəm. Hər gün bəzənməyə ehtiyac olmur. Anadangəlmə bəzəkli doğulmuş adamam (gülür). Sadəcə, təməl şeylər var. Daimi idmanla məşğul olmaq, vaxtlı-vaxtında gözəllik prosedurlarından keçmək və s. Evdən çıxmağasa 15-20 dəqiqə bəs edir, yetər ki, nə geyinmək istədiyimə əvvəlcədən qərar verim.

– Paltarlarınız o qədər çoxdur?

– Xeyr. Ovqat məsələsidir. Tez-tez dəyişir ovqatım.

– Sizi tanımayıb qıraqdan baxan deyər ki, bu qadının həyat yoldaşı olmaq üçün çox pul lazım olar. Zahir bəy bunların öhdəsindən necə gəlir?

– Son zamanlar ən çox eşitdiyim sözdür bu, amma görüntü ilə iç başqadır. Mənim bu cür görünməyim üçün nələrəsə xüsusi ehtiyac yoxdur. Bəzən bir oğlan və bir qızın sevgisi evlənənə qədər olur, sonra sevgi və nəvaziş bitir. Xoşbəxtlikdən Zahir bəy belə deyil. Zahir bəy sahib olduqlarının qədrini bilir, sadəcə. Nəyə sahib olduğunu anlayır və bunu dəyərləndirir. Və qarşılığını da görür. Mən isə uşaqlıqdan buyam, bəlkə mənim normallarımla kiminsə anormalları üst-üstü düşür, amma bu belədir...

– Əsas odur ki, xoşbəxtsiniz...

– Bəli... Bu sözü deməkdən də qorxuram, bilirəm, kütlə buna fərqli münasibət göstərir. Nəzər deyilən şey də var. Mənim xoşbəxtliyimsə azadlığımdır. Mənim öz azadlıq alanıma heç Zahir də girə bilməz. Mən orda təkəm. Və kimsə ora müdaxilə etsə, qanadı qırılmış quş kimi olaram.

– Deyirlər ki, məişət divarları arasında ölməyən sevgi yoxdur. Qayğılar bir gün sevginin mənasını, mahiyyətini dəyişir, itirir. Bəs Zahir Əzəməti 10 il ərzində sizin üçün maraqlı və aktual edən, sizi bezməyə qoymayan nədir?

– Mən romantik adam deyiləm. Zahir mənə gül alanda gülürəm, deyirəm ki, dəlisən, buna pul verirsən? Rasional adamam. Ailə quranda sevgi və məntiqim bir arada özünü göstərdi. Məntiqsiz və ağılsız atdığım heç bir addımım olmayıb. Bu yola isə ağlımla yox, qəlbimlə girmişəm. Məndə qəribə balans var. Bilirdim ki, 10 il sonra ilk günlərdəki kimi Zahirin əli əlimə dəyəndə içim titrəməyəcək. Amma elə şeylər var ki, sevgidən önəmlidir. Zahir bəyin mənə qadın, uşaqlarının anası kimi sevgisi, sayğısı, inamı, hörməti hər şeydən vacibdir. Yəqin, o da çox müdrikdir ki, balansı qoruya bilir. Zahir düz 7 il səy göstərib ki, məni özünə bağlasın. İnanmıram ki, başqa adamla bu qədər müddət yaşaya bilərdim. O, rahatdır, məni güldürür. Bir məsələ də var ki, biz bir-birimizi çox az görürük, bəlkə də sirr bir az da burdadır, bir-birimizi bezdirmirik. Bəzən ayrı otaqlarda ayrı kitablar oxuyub, ayrı filmlər izləyə bilərik. Önəmli olan eyni nöqtəyə vura bilməyimizdir.

– Deyirsiniz, azad bir dünyam var, ona heç kim müdaxilə etmir, təkəm. Ola bilər ki, bir gün ayrılmaq qərarına gəldiniz, Zahir bəy buna müdaxilə etməyəcək? Belə bir azadlığınız da var?

– Əlbəttə, var. Bilirsiniz, o əvvəldən bilir ki, acından ölsəm də, mən istəmədiyim yeməyi yemərəm. O bilir ki, istəməsəm, heç vaxt onun yanında olmaram. Mən istəmədikdən sonra onun nəyinə lazımdır ki, məni zorla saxlasın. Eyni şeyi o da mənə desə, deyərəm ki, yaxşı yol.

– İkiniz də qələm adamısınız... Əvvəllər yazılarınız, şeirləriniz tez-tez çap olunurdu. Amma evlənəndən sonra sanki, birlikdə qərara gəldiniz ki, ədəbiyyata ömür sərf etməyə dəyməz...

– Ədəbiyyatı ya yaşamalı, ya da yazmalısan. İnsan roman yaşayacağı vaxtda niyə roman yazsın ki? Mən ömrümü yaşamaq istəyirəm, ömrümü yazmağa sərf etmək istəmirəm. Bəlkə də bəhanə edirəm. Yazı gələndə onsuz da adamı dəlib keçir. Mənim uşaqlarımla əylənən, oynayan vaxtımdır. Yaşamağı seçirəm. Zamanın dadını çıxarmaq istəyirəm. Məncə, yazmaq üçün hələ vaxtım var. Düzdür, hər an hər şey ola bilər. Ölə də bilərəm. Nə bilim. Qayğılar da çoxdur, yuvamız təzə qurulub.

– Neçə kitabınız var?

– Bir şeir, bir də hekayə kitabım var.

– Hazırda yaradıcılıqla məşğulsunuz? Nəsə yazırsınız?

– Heç vaxt məhsuldar olmamışam. Arada tək-tək şeirlər olur. Onların da çoxu özümü təkrarlayandır. Yarımçıq əlyazmalarım, povestim var. Hər şey yarımçıqdır...

– Sevinc xanım, baxanda tamamilə yenilikçi qadın təsiri bağışlayırsınız. Amma hərdən mənə elə gəlir ki, düşüncəniz, daxiliniz xaricinizə uduzur. Klassiklərimizə qarşı da sayğınız bəzən kor-koranə təsir bağışlayır.

– Mənim üçün belə bir prinsip var: nə olur olsun, mədəni olsun. Mən Markesi bəyənmirəm. Bəlkə də bu sözümə kimsə gülər. Amma o mənim yazıçım deyil. Professionallığını qəbul edirəm. Amma hiss edə bilmirəm, zövq almıram. Bu, mənə o haqqı vemir ki, mən Markesi söyüm. Klassikləri isə hamı kimi oxumamışam, tədrisini almışam. Və mənim bütün tələbəlik illərim paralel olaraq onlarla bağlıdır. İkinci sinifdən ərəb dilində əlyazmalar oxumuşam. Elə bil mən klassiklərimizi söyməklə böyük gənclik və uşaqlıq xatirələrimə söymüş oluram. Duyğularım buna imkan vermir.

İkincisi, guya onları söyməklə inkar etmək mümkündürmü? Əgər yeni estetik dəyər yoxdursa, köhnələri niyə müzakirə edirsən? Özlərini bu cür əsaslandırmağa çalışırlar ki, Axundov da Füzulini inkar edirdi. Axı Axundov yeni estetik dəyərlər ortaya qoyurdu. Biz yeni bir şey yarada bilmiriksə, acığımızı köhnələrdən çıxmalıyıq? Hamını söy, bəs kim qalacaq? İstəmirsən, istəmə, zövq almırsan, alma.

– Klassiklərimizə münasibət mövzusunda Elçin Əlibəyli də veriliş hazırlamışdı. Orda siz özünüzə qarşı alçaldıcı bir hərəkət görmüşdünüzmü? Sizcə, o, efirdə yazarlarımızı alçaldırmı?

– Elçin Əlibəyli televiziya mühitində yeganə adamdır ki, ədəbiyyata və ədəbiyyatçılara diqqət edir. Onları mütəmadi oxuyur və özü qabağa gedirsə, onları da aparır. Öz adıma deyirəm, biz heç kim idik. O, bizi davamlı olaraq efirə çağırırdı, biz isə öz fikirlərimizi deyirdik. O zamanlar sosial şəbəkələr yox idi deyə, yazıçı və şairlərimizin hamısı çayxanalarda idi. Saytlar da yox idi və hamısı işsiz-gücsüz ortalıqda dolaşırdı. Elçin bəy onların hamısını işə dəvət etdi, lakin heç biri bir-iki ay işləyə bilmədi.

Şəxsən mən bu günə qədər Elçin bəydən yalnız sayğı görmüşəm. Özü də etiraf edir ki, oxuyur. Bəyəndiyi və bəyənmədiyi şeyləri dilə gətirən adamdır. İndi isə hamı məşhur olub, heç kim heç kimi bəyənmir. Feysbuk hamıya tribuna verib və hamının öz "izləyici kütləsi” var. Əvvəllər efirə çıxmaq, televiziyada görünmək üçün sino gedirdilər. İndi isə vəziyyət tamam başqa cürdür. Nə zaman Elçin Əlibəyli məni verilişinə çağırsa, orda heç kim olmasa belə gedəcəyəm. Mənim ona vəfa borcum var. Məni heç kəs tanımayanda Elçin bəy məni efirə çağırırdı. Deyirdi ki, belə bir şair, yazıçı var. İndi adamlar feysbukda bir-iki şeir paylaşıb on layk qazanır, sonra özü haqqında yazı göndərəndə deyir ki, tanınmış şair filankəs. A bala, sən hardan tanınmış oldun axı?

– Sizi tanıyırlarmı?

– Tanıyırlar. Bu isə mənə zövq verir. Düzdür, tanınmağın mənfi tərəfləri də var. Amma hansısa kənddə, rayonda tanımadığım adamların məni tanımasından zövq alıram.

– Sevinc xanım, Azərbaycanda qadın hüquqsuzluğundan tez-tez danışılır. Sizcə, bizdə qadın hüquqsuzluğunu bu qədər şişirtmək düzgündürmü? Doğrudanmı, bizim cəmiyyətdə qadınlara qarşı ciddi ayrı-seçkilik var?

– Deməzdim ki, şişirdiləcək səviyyədədir. Məsələn, bizdə bir çox rəhbər işçilər qadınlardır, istənilən şirkətdə əsas işçilər qadınlardır. Hətta taksi sürücüsü olan qadınlar da var. Bölgələrdə, kəndlərdə, əyalətlərdə qadın hüquqsuzluğu var. Bu isə ata və anadan asılı olaraq qız uşaqlarının erkən nikahları və s. kimi təzahür edir. Yenə də hər şey qadının özündən asılıdır. Düzdür, 17 yaşlı qıza qadın demək olmur. Amma öz haqqını bilənin haqqını necə tapdalamaq olar ki?..

– Məsələn, siz məhz qadın olduğunuz üçün hüquqlarınızın tapdandığını görmüsünüzmü?

– Mən bunu yalnız bir sferada hiss etmişəm. Bəzən sükan arxasında olanda sürücü məhz qadındır deyə sıxışdırmaq istəyirlər. Bu məqamlarda çox tədbirli davranıram.

– Yol polisləri ilə necə yola gedirsiniz, cərimələyirlər?

– Polislər axı günahsız yerə heç kimi tutub cərimələmirlər. Amma güzəşt də etdikləri olur. Düzü, bu, qadın olduğuma görə deyil. Olub ki, məni saxlayanda təəccüblənib deyib ki, siz elə bir manevr etdiniz, inanmazdım, sürücü qadındır. Bəzən tanıyıb hörmət edirlər. Ümumiyyətlə, mən sükan arxasında qayda pozmağı xoşlamıram.

– Avtoşluq etməkdən xoşunuz gəlir?

– Bəzən hə. Yol boş olanda (gülür). İnsan həyatı söz konusudursa, mütləq məsuliyyətli olmaq lazımdır.

– Sevinc xanım, avtobusda, metroda kişilər niyə qadınlara yer verilməlidir? Bunu necə izah edərdiniz?

–Oturmağa ehtiyacı olan insana yer vermək lazımdır. Görürsən ki, insanın üzündən əzab tökülür, işdən gəlir, yorğundur. Onun yanında necə otura bilərəm? Bu, bir az vicdan məsələsdir. Amma zorunda da deyiləm, yer verməyə də bilərəm. "Verilməlidir” deyə bir qayda yoxdur, ümumiyyətlə, mən "-malı”, "-məli” şəkilçilərini sevmirəm. Heç nə vacib deyil. Vacib olan həyatı yaşamaqdır.

– Maraqlıdır, uşaqlarınızın gələcəyini necə görmək istəyirsiniz?

– Sadəcə, sağlam və gözəl insan olmaqlarını istəyirəm. İnsanlara qarşı xeyirxah və vicdanlı olsunlar. Mən insanlara qarşı yanlış etməməyə çalışıram. Bir də görürsən ki, biri aqressivdir, amma mən daha müsbət cavab verməyə çalışıram. Çalışıram ki, insanlar mənə qarşı etdikləri hərəkətə görə özləri üzr istəsinlər. Yaxşı olmağa çalışıram, bir insana qarşı neqativim varsa, çalışıram, problemi özümdə axtarım və düzəldim. Elə anlarda katarsis başlayır.

– Məşhur tribunalarda veriliş aparıcısı olmaq arzunuz olubmu?

– Həmişə belə bir şansım olub. Bildiyin kimi 15 il televiziyada redaktor işləmişəm. Bu cür imkanlarım çox olub. Amma mən bu iş üçün yaranmadığımı hiss edirəm. Çünki aparıcılıq peşəsində məcburiyyətlər var, məcburi üzə gülmək, kimisə məcburi tərifləmək. Mən bunları bacarmıram.

– Sizcə, doğurdanmı qadın öz gücünə parlaya, uğur qazana bilər? Bizdə nə vaxta kimi uğurlu xanımların arxasında bir kişi təsəvvür ediləcək?

– Molla Nəsrəddin deyir, bizim millət belədir ki, eşşəyin üstündə yol getsək, eşşəyə yazıqları gələcək. Amma yanında getsək, deyəcəklər ki, axmaq o boyda eşşəyə minmir. Nə etsən, mütləq nəsə deyən tapılacaq. Amma o adamların fikri mənə maraqlı deyil. Mənim uğurlarımda Zahirin də zəhməti var, ən azından mane olmur. Mane olmamağı əsas verir, deyəm ki, bəli, arxamda dayanan kişi var.

– Hiss eləmisinizmi, sizə Zahir Əzəmətə görə çox güzəştə gediblər? Yəni tutaq ki, içində sizə qarşı deyiləsi çox sözü var, amma Zahir bəyə görə dilə gətirmir... Məsələn, kimsə hardasa müsahibə verir, Zahirə görə orda sizin də adınızı çəkir və ya Zahirə görə deyə bilmir ki, Sevinc çox istedadsızdır...

– Hələ ki, Zahirə görə adımı müsahibəsində çəkən olmayıb, day o qədər də ürəkli deyillər (gülür). Məni Zahirdən əvvəl də tanıyırdılar. Ondan əvvəl də Sevinc Çılğın idim, Zahirlə də Sevinc Çılğınam, sabah Zahir olmasa da, Sevinc Çılğın olacağam. İkincisi, qızıl onluq deyiləm ki, hamı məni bəyənsin, sevsin, istəsin. Bəlkə kiminsə tərəzisində istedadsızam, bəlkə kiminsə də yanında ağıllıyam və s. Önəmli olan özümün özüm haqqımda nə düşündüyümdür. İnsan öz çəkisini biləndə nə tərifdən başı gicəllənir, nə də tənqiddən narahat olur.

– Bəzən insan özü haqqında çox yüksək fikirdə olur...

– Bəli, yüksək fikirdəyəm. İnsan kimi yüksək fikirdəyəm. Siz ədəbiyyat müstəvisində soruşursuz?

– Hə, sırf yaradıcılıq baxımdan soruşuram.

– Xeyr, böyük iddialarım yoxdur. Əksinə, görürəm ki, yazdığı iki statusla özünü böyük hesab edən insanlar var. Bu, mənə gülməli gəlir. Bəlkə bundan sonra heç nə yazmayacağam. Və yaxud, bəlkə yazdıqlarım yaxşı, professional oxucu olmaqdan ötrü atılmış addımlar idi? Hamı yazır da.

– "Yumurta” kitabınız necə odu? İçindən cücə çıxdı?

– Hələ ki, çıxmayıb. Çıxsaydı, səsini eşitmiş olardınız (gülür).

– Dünyada bu qədər böyük şeylər varkən, niyə kitabınızın adını "Yumurta” qoydunuz?

– Yumurta dünyanın başlanğıcıdır. Məgər biz özümüz yumurtadan çıxmamışıq? O kitabda hər şey bir konsepsiya şəklindədir. Söhbət real yumurtadan getmir. Hərə öz ağıl səviyyəsinə görə anlayır. O kitab bütün lax yumurtalara ithafdır.../publika

 

İcmal.Az

RƏYLƏR