Zəngəzurda Ermənistanın 173 qoyunu Azərbaycan qüvvələrinə “əsir düşüb”

OXUNUB: 553 HADİSƏ

Azərbaycanın qələbəsindən sonra Ermənistanın müxtəlif üsullarla ələ keçirdiyi ərazilər qarış-qarış geri alınır. Sərhədlərin delimitasiyası nəticəsində bir çox ərazilər Azərbaycana qaytarılıb. Proses Ermənistanda etirazlarla qarşılansa da, artıq bir çoxları reallıqla barışıblar.

Bir müddət əvvəl Zəngəzurun Şurnux kəndinin də bir hissəsi Azərbaycana qaytarılmışdı və həmin vaxt Azərbaycan tərəfi onlara xəbərdarlıq etmişdi ki, mal-qaranın bizim ərazilərə keçməsinə imkan verməsinlər. Amma qarşı tərəf yenə də həyazıslığından əl çəkmir və bunun nəticəsində tragikomik vəziyyətə düşürlər.

Bu dəfə sərhəddə yerləşən Xinzirək (Ermənistanda Nerkin Xndzoresk adlandırılır - red.) kəndində oxşar hadisə yaşanıb.

"Yeni Sabah” xəbər verir ki, baş vermiş hadisə ilə bağlı məlumatı Ermənistanın ombudsmanı Arman Tatoyan verib. Xatırladaq ki, bir neçə ay əvvəl Tatoyan xəbərdarlıq etmişdi ki, sərhəddə mal-qara Azərbaycanın nəzarətində olan ərazilərə keçə bilər və guya qəsdən onları geri qaytarmayacaqlar. Halbuki Azərbaycan tərəfi bundan əvvəl də dəfələrlə onların mal-qarasını qaytarıb və xəbərdarlıq edib ki, bir də belə hallara yol verməsinlər.

Bizimyol.info yazırr ki, Ombudsman aparatının açıqlamasına görə, hadisə "fevralın 11-də Nerkin Xndzoresk kəndi yaxınlığında baş verib".

Baş verənlərlə bağlı Ombudsmana kəndin bələdiyyə sədri müraciət edib: "Ayrıca olaraq, dünən Xndzoresk icmasının rəhbərliyi xəbər verib ki, 11 fevralda Sünik (Zəngəzur - red.) bölgəsinin Xndzoresk kənd sakini kəndin yaxınlığındakı otlaqlarda ümumilikdə 185 baş mal-qaranı otarırmış. Bu zaman heyvanların bir hissəsi Azərbaycan əsgərlərinin nəzarətində olan əraziyə yaxınlaşıb və bundan sonra Azərbaycan qüvvələri 173 qoyunu götürüblər".

Qəribə və təəccüblü deyil ki, Ombudsman qoyunların Azərbaycan ərazisinə keçdiyini deyil, yaxınlaşdığını deyir. Sanki Azərbaycan qüvvələri Ermənistan ərazisinə keçərək qoyunları oradan götürüblər. Amma Ombudsman nədənsə ayrıca olaraq, dövlət sərhədinin pozulmasından danışmır.

Açıqlamada bildirilir ki, yalnız Ermənistan Sərhəd Qoşunları və Silahlı Qüvvələrin Komandanlığı tərəfindən aparılan danışıqlardan sonra heyvanlar geri qaytarılıb".

Ombudsman aparatının Sünik regional bürosu bildirib ki, əslində çoban diqqətli davranıb, amma heyvanlar o ərazilərdə otlamağa öyrəşdiyi və otlaqlarda heyvanlara nəzarət etmək çətin olduğu üçün belə bir hadisə yaşanıb.

Arman Tatoyan isə bildirib ki, kəndlilərin hüquqlarının qorunması, o cümlədən otlaqların təhlükəsizliyi, əhalinin dolanışığı, həyatlarına təhlükələr və ya mülkiyyət hüquqlarının pozulması hallarının qarşısının alınması üçün komissiya yaradılmalıdır və vəziyyətin düzgün  qiymətləndirilməsi lazımdır .

Bununla belə, Ermənistan mətbuatının yazdıqlarından belə məlum olur ki, Ombudsman tamamilə yalan məlumat verib. Məsələ ondadır ki, mal-qara özbaşına bizim ərazilərə keçməyib. Yerli mətbuatın yazdığına görə çoban da mal-qaranın yanında olub. 185 baş mal-qaradan yalnız 173-ünün Azərbaycan tərəfində qalması isə onu göstərir ki, bizim qüvvələr yalnız sərhədi keçənləri xəbərdarlıq məqsədilə saxlayıb. Yəqin ki, bu hadisə yerli sakinlərə dərs olacaq və Azərbaycan ərazilərində mal-qara otarmaq dövrünün bitdiyini birdəfəlik anlayacaqlar.

RƏYLƏR